Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 07:33

'Alıcılıq devalvasiyadan sonra kəskin aşağı düşüb'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Azərbaycanda kərə yağı istehlakının son illər bir qayda olaraq azaldığı bildirilir. Keçmiş deputat, iqtisadçı Əli Əlirzayev istehlakın azalmasında müxtəlif səbəblərin olduğunu düşünür. O, hesab edir ki, səbəblər keyfiyyət, marketinq və əhalinin alıcılıq qabiliyyətinin zəifliyi də ola bilər. Əli Əlirzayevin sözlərinə görə, dünyada kərə yağının keyfiyyətinin aşağı düşməsi artıq, müzakirə mövzusudur:

“ Yəni bu məsələ yalnız Azərbaycanda deyil. Heç kəs kərə yağının keyfiyyətinə təminat verə bilmir. Biz də mətbəximizdə kərə yağından daha çox bitki və Rusiya yağlarından istifadə edirik. Demək istəyirəm ki, kərə yağlarının alternativ variantları çoxdur. Məsələn, zeytun yağı, qarğıdalı və s. İndi bir məqama baxmaq lazımdır, kərə yağının istehlakı azalıbsa, digərlərinin istehlakı artıbmı?! Əgər artıbsa, deməli, ciddi problem deyil”.

“Birinci keyfiyyət, ikinci alıcılıq qabiliyyəti”

Əli Əlirzayev
Əli Əlirzayev

“Ölkəyə keyfiyyətsiz yağ gətirilə bilərmi” sualına Əli Əlirzayev cavab verib ki, “əlbəttə, mümkündür”. Onun fikrincə, dünyada keyfiyyətli yağ problemdir:

“Məsələn, hazırda heyvan yağları daha çox istifadə olunur, əvvəllər, quyruq yağı istifadə etmirdilər, indi alırlar. Çünki quyruğun yağı daha keyfiyyətlidir. Ümumiyyətlə, məsələyə kompleks yanaşılmalıdır, müxtəlif kateqoriyalı insanlar var, onların qidaya, yağa münasibəti, zövq məsələsi rol oynayır. Təbii ki, kərə yağının qiymətinin baha olması və keyfiyyətinin aşağı düşməsi aztəminatlı ailələr üçün keçərli deyil. Kasıb ailələr daha çox bitki yağlarından istifadə edir və dünyada da bu tendensiya gedir. Bir daha deyirəm, birinci keyfiyyət, ikinci alıcılıq qabiliyyəti. Yəni gəlirlər o qədər azdır ki, insanlar alternativ variantlara üstünlük verir, yəni ucuz məhsul almaq istəyir. O cümlədən, müxtəlif xəstəliklər meydana gəlir və bunun səbəblərindən biri də yağların tərkibidir”.

“Azərbaycan heyvandarlıq məhsulları ilə özünü təmin edə bilmir”

Arxiv foto
Arxiv foto

Başqa bir iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi sir deyil:

“Biz özümüz də hər həftə bazarda, dükanlarda insanların alış-verişinə diqqət yetirdikdə, görürük ki, vətəndaşların alıcılıq qabiliyyəti devalvasiyadan ( 2015-ci ildə 2 devalvasiya baş verib. Manat 2 dəfə dəyər itirib) sonra kəskin aşağı düşüb. Bu mənada zəruri qida məhsullarını almağa bəzən imkan olmur, yaxud çətinlik çəkirlər”.

Nazim Bəydəmirlinin sözlərinə görə, inhisarçılıq səbəbindən ölkədə mal-məhsulların qiyməti yüksəlib:

“Məsələn, ötən həftə Gədəbəy rayonunda Yeni Zeynlandiyadan idxal olunan kərə yağını 18 manata aldıq. İkinci problem etimadsızlıqdır, insanlar yerli bazarlarda nehrə yağı almağa çəkinirlər. Üçüncü, çox təəssüf ki, Azərbaycan heyvandarlıq məhsulları ilə özünü təmin edə bilmir. Ona görə aqrar sektorda iqtisadi inkişafın olduğunu deyənlər bu məsələni göz önünə gətirməlidir. Əslində, Gömrük Komitəsinin daxildə istehsalı stimullaşdırmaq adı ilə apardığı siyasəti tam iflasa uğrayıb. Çünki ölkəyə idxal olunan məhsullardan toplanan əlavə dəyər vergisini müqayisə etdikdə, hər il idxalının hesabına bu artmaqda davam edir. Baxmayaraq ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı vergilərdən azaddır, daxildə əlavə dəyər vergisi artmır. Halbuki, hökumətin statistikasında bunu eşitsək də, praktika görmürük. Deməli, həm Sahibkarlığa Yardım Fondunun, həm Regionların İqtisadi İnkişaf Proqramına ayrılan milyonlar hədəfinə çatmayıb”.

Xatırlatma

2018-ci ildə Azərbaycan əhalisi 32 min tondan bir qədər artıq kərə yağı istifadə edib. Bu da 2017-ci il illə müqayisədə 4.1 faiz azdır. Məlumata görə, ötən il kərə yağı idxalı (9759 ton) 9.5, yerli istehsal isə 6.6 faiz (23638 ton) azalıb. Üstəlik, verilən məlumata görə, 2014-cü il ilə müqayisədə (44472 ton) Azərbaycanda kərə yağı istehlakı 28 faiz azalıb.

XS
SM
MD
LG