Yola saldığımız həftə yumurtanın qıtlığı və qiymətinin artması ilə də yadda qaldı.
Market satıcıları AzadlıqRadiosuna qiymət artımını bu günlər yumurtanın az gətirilməsi ilə izah ediblər. Əvvəllər 10-11 qəpiyə satılan yumurtalar indi 17-20 qəpiyə satılır. Kənd yumurtaları isə 25-30 qəpiyə yüksəlib.
Keçmiş deputat, iqtisadçı Əli Əlirzayev deyib ki, yumurtanın qiymətinin artması həm də mövsümü amillərlə bağlıdır:
“Yayda 11 qəpik olur, qışda qiymət dəyişməlidir. Ancaq mən yumurtanın qiymətində kəskin artım olmasına inanmıram. Ümumiyyətlə bütün məhsulların qiyməti nisbətən dəyişməlidir, ya azalma, ya da artma olmalıdır. Bir qrup xidmətlər arta, bir qrup isə azala bilər, o cümlədən, ət, süd məhsulları”.
Əli Əlirzayev düşünür ki, dünyada dolların da məzənnəsində dəyişikliklər qiymət artımlarına təsir göstərir:
“Qiymətin dəyişməsi bazarın tələb və təklifindən asılıdır”
“Ancaq Azərbaycanda məzənnəni müəyyən qədər saxlayırlar, dünyanın başqa ölkələrindən fərqli olaraq. Bu olay da təsir edir. Məsələ ondadır ki, biz xaricdən mal gətiririk, bunlar valyuta ilə alınır. Baxın, İranda qiymətlər necə artıb, çünki dolların məzənnəsi qalxıb. Baxmayaraq ki, biz gedib İrandan 100 manata çox şey alıb gətiririk. İkinci, qiymətin dəyişməsi prosesi həm də bazarın tələb və təklifindən asılıdır”.
İqtisadçı əvvəlki illərdə prezidentin kəskin açıqlamalarından sonra yumurtanın qiymətinin düşməsi ilə bağlı isə bunları deyir:
“Qiymət artmasında süni və təbii hallar var. Ola bilər ki, bir məhsul yoxdur, amma alıcısı çoxdur, onun qiyməti arta bilər. Amma belə vəziyyətlərdə dövlət müdaxilə edib xaricdən məhsul gətirir, yaxud inzibati vasitələrə əl atır, nəticədə bu cür yola tənzimləyir. Dövlət özü də qiymətləri qaldırır, enerjinin qiymətini qaldırdı. Bundan əlavə ayrı-ayrı müəssisələr Tarif Şurasına müraciət edib qiymətləri qaldırır, çünki mıhsullarını satsalar da, gəlir və xərci ödəyə bilmirlər. Bütün hallarda dövlət ən vacib məhsulların qiymətlərində artıma imkan vermir. Məsələn, ətin qiyməti… Dövlət tənzimlənmə siyaəsti aparmalıdır. Xüsusən kasıb və yoxsul ailələrlə bağlı…”.
“…Barmaq silkələmişdi”
Başqa bir iqtisadçı, Nemət Əliyev ümumiyyətlə, yumurtanın 10-11 qəpik həddində saxlanılmasını simvolik səciyyə daşıdığını deyir:
“Məsələ ondadır ki, dövlət başçısının yumurtanın qiyməti ilə əlaqədar xüsusi tapşırığı olmuşdu, barmaq silkələmişdi. Yumurtanın qiymətinin artmasını əhalinin həyat şəraitinin pisləşməsinin əsas göstəricisi kimi xarakterizə edirdi. Amma indiki iqtisadi münasibətlər sistemində bütün məhsullarln qiyməti artdığı halda yumurtanın qiymətinin bir həddə qalması mümkünsüzdür. Hələ dövlət başçısı yumurtanın qiyməti haqda göstəriş versə də, bu, razılıqla qarşılansa da, qiymətin eyni qalacağını inandırıcı deyildi. Çünki yumurta istehsalı üçün quş yemi və digər yardımçı vasitələrin də qiymətləri qalxır. Yəni qiymətlərin artmasını şərtləndirən amillər var. Ən mühümü quşçuluq fermalarının gətirdiyi yem və avadanlıqların qiymətləri qalxırsa, bu gedişat bütün ölkə miqyasına təsir edir. Ona görə yumurtanın qiymətinin artması normaldır, hələ indiki səviyyədə qalmasına sevinməliyik”.
Nemət Əliyev hesab edir ki, qiymətlərin tənzimlənməsində anormal vəziyyət yaranıb:
“ Normal ölkələrdə kütləvi istehlak məhullarının qiymətlərini hökumət tənzimləmir. Azərbaycanda bu sistemi qura bilməyiblər. Hansısa məhsulun qiymətini ictimaiyyətə xoş gəlsin deyə aşağı həddə saxlamaq üçün “barmaq silkələmələri”ndən sitifadə olunur, ardınca icra orqanları sahibkarların üstünə səlib yürüşü təşkil edir. Halbuki, bu metod yaramazdır, əksinə iqtisadi mexanizm qurulmalıdır. Nəhayət, inhisarçı qiymət amili də nəzərə alınmalıdır. Normal iqtisadi mexanizm olsa, konkret rəqəmlərlə mənzərəni açmaq mümkündür. Bu mənada məmur oliqarxiyası kefləri istəyəndə qiyməti qaldırır, kefləri istəyəndə endirir. Əgər yumurtanın qiymətini endirirlərsə, deməli, başqa məhsullarda qiymət artımı gözlənilir, yəni itkiləri ört-basdır edirlər. Burda inhisarçılığın rolu danılmazdır”
Xatırlatma
Bu ilin may ayında 8-9 qəpiyə olan broyler yumurtası iyunda 13-14 qəpiyə qalxmışdı. İndi isə brolyer yumurtaları bazarda 17-20, kənd yumurtası isə 25- 30 qəpiyə satılır.
Yumurtanın bahalaşmasına əvvəlki illərdə bir neçə dəfə prezident İlham Əliyev də münasibət bildirib.
Prezident keçirdiyi müşavirələrin birində bunu süni şişirtmə adlandırmış, gərəkli addımların atılmasına tapşırıq vermişdi. Həmin vaxt prezidentin çıxışından sonra yumurtanın qiyməti ucuzlaşmışdı.