ABŞ-ın Azərbaycandan tələb etdiyi Pakistan vətəndaşları deyir ki, təqsirsizdirlər. Birləşmiş Ştatlara təhvil verilmələrini də istəmirlər. Söhbət 1982-ci il təvəllüdlü Asif Məhəmməd Ancum və 1985-ci il təvəllüdlü Xani Şah Navazdan gedir.
ABŞ onları beynəlxalq axtarışa veribmiş
Onların hər ikisi 2019-cu ilin noyabrında Bakıda hava limanında saxlanılıblar. ABŞ onları beynəlxalq axtarışa veribmiş. Üç aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onların bu ölkəyə verilib-verilməməsi məsələsinə baxılır. Adları çəkilən pakistanlıların ekstradisiyasından ötrü Azərbaycanın Ədliyyə Nazirliyi məhkəməyə təqdimat verib.
«Pakistan vətəndaşları amerikalıları aldadıb»
ABŞ onları dələduzluq, şəxsi məlumatların ələ keçirilməsi kimi əməllərdə suçlayır. İddia olunur ki, Pakistan vətəndaşları turist səfərləri üçün paketlər (turpaket) satmaq adıyla amerikalıları aldadıb. Turizm paketləri də əsasən Hindistana səfərlər, muzey gəzintiləri ilə bağlı olub.
«Heç vaxt Amerikada olmamışıq»
Hər iki təqsirləndirilən martın 5-də məhkəmədə vurğulayıb ki, heç vaxt Amerikada olmayıblar. Onlar turizm fəaliyyətiylə adamları aldatmaları haqda ittihamı da təkzib edirlər.
«Mən Pakistandan başqa ancaq Rusiyada olmuşam. Onda da futbol üzrə dünya çempionatına baxmağa getmişdim», - Xani Şah Navaz belə deyib.
«Bakıya gəzməyə gəlmişdik»
İş materiallarında göstərilib ki, onlar Bakıdan tranzit kimi istifadə edərkən saxlanılıblar. Amma pakistanlılar bildirir ki, yox, Bakıya gəzməyə gəlmişdilər. İddia edirlər ki, hətta səfərdən öncə Bakıda qalmaqdan ötrü otel də sifariş etmişdilər: «Biz bura turist kimi, bir neçə günlük gəzməyə gəlmişdik».
Məsələ araşdırılacaq
Bu adamların Bakıdan tranzit kimi istifadə etdiyi göstərilsə də, onların buradan planlaşdırdığı ölkə haqda heç bir məlumat yoxdur. Heç Ədliyyə Nazirliyini məhkəmədə təmsil edən nümayəndə də bu sualı cavablaya bilməyib, məsələni araşdırmaq üçün vaxt istəyib. Ona martın 11-nə qədər vaxt verilib.
ABŞ-ın uyğun qurumları Bakıda məhkəmə gedən müddətdə Asif Məhəmməd Ancum və Xani Şah Navaza qarşı ittihamlarla bağlı sənədləri Azərbaycana göndərib. Onların internet üzərindən turpaket satışı adıyla dələduzluq, oğurluq etdiyi iddia olunur.
Bu məhkəmə prosesində həm ABŞ, həm də Pakistan səfirliyinin təmsilçiləri iştirak edir.