Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Bakıdan gedə bilməyən iranlı qadın: 'Mən burada insan hüquqlarına hörmətsizlik gördüm'


Atefeh Dehghanizadeh
Atefeh Dehghanizadeh

Bir ildir həyat yoldaşına görə Bakıda faktiki girov saxlandığını deyən İran vətəndaşı Atefeh Dehghanizadeh haqqında məhkəmə qərar çıxarıb. Yasamal rayon Məhkəməsi noyabrın 28-də çıxardığı qərarda A.Dehghanizadeh-in, onun 3-yaşlı qızı və 55-yaşlı anasının ölkədən buraxılmamasının qanunsuz olması nəticəsinə gəlib.

A.Dehghanizadeh AzadlıqRadiosuna deyib ki, bir aya yaxın vaxt keçsə də, məhkəmənin qərarı icra olunmur. Onun sözlərinə görə, qərardan sonra Yasamal rayon Polis İdarəsi anasının pasportunu qaytarıb. Amma prokurorluq bu günə qədər özünün və uşağın pasportunu qaytarmır.

«Mən Azərbaycanda öz timsalımda insanlara, onun hüquqlarına qarşı hörmətsizliyi gördüm. Məhkəmə qərarının icra olunmaması isə ölkədə məhkəmələrə münasibətin göstəricisidir», – əcnəbi xanım belə deyir.

«Şoka düşmüşdüm»

Onun həyat yoldaşı Farzad Foroozanmehr haqqında Azərbaycanda CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, axtarışa verilib. İddia olunur ki, Orxan İsmayılov adlı vətəndaş anasının evinin satılması üçün F.Foroozanmehr-ə etibarnamə verib. Onun etibarnamə ilə evi 240 min manata sataraq, pulu da götürüb qaçdığı bildirilir.

Bu ilin yanvarında A.Dehghanizadeh qızı və anası ilə Bakıdan getmək istəyəndə hava limanına O.İsmayılov gəlib, onların arasında insident yaşanıb. Onlar polisə aparılıb. Qadın deyib ki, aeroportda O.İsmayılov onlara hücum edib, uşaq arabasında olan qızının əlindəki pasportu alıb cırıb, uşağı götürüb aparmağa cəhd edib. Cırılan sənəd köhnə pasport olub.

Adam oğurluğuna cəhdlə bağlı araşdırmalar aparılsa da, təsdiqini tapmadığına görə O.İsmayılov haqqında cinayət işi başlanmayıb. Əksinə, A.Dehghanizadeh haqqında CM-in 296 (bilə-bilə yalan xəbərçilik etmə) və 297-ci (bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində cəlb edilib. Amma yetərincə əsaslı dəlillər olmadığından təqsirləndirilən şəxs qismində tanınmayıb. Bununla belə, ölkədən çıxışına məhdudiyyət qoyulub, özünün və ailə üzvlərinin pasportları əllərindən alınıb: «Mən bu adamı tanımırdım. Təsəvvür edin, kimsə sizə hücum edir, sənədi alıb cırır... Şoka düşmüşdüm».

O.İsmayılov dələduzluqla bağlı cinayət işində zərərçəkmiş qismində tanınıb. Amma iranlı qadının polis idarəsi və prokurorluğun hərəkətlərinin qanunsuz sayılması barədə şikayətinə baxılarkən məhkəmə onu da dindirib. O deyib ki, əgər A.Dehghanizadeh-in ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qalxsa, sənədləri qaytarılsa, onun həyat yoldaşının Azərbaycana qayıtmaq ehtimalı aradan qalxacaq. Onun fikrincə, bu üzdən onun ölkədən çıxışına imkan verilməməlidir.

«Hansı dövlətdə belə bir hal olar?»

Bu fikirlər məhkəmə qərarında da yer alıb. İranlı qadın deyir ki, bu da onun həyat yoldaşına görə Azərbaycanda girov saxlandığını təsdiqləyir: «Hansı dövlətdə belə bir hal olar? Belə çıxır ki, kişi hansısa cinayət törətsə, qadın da gedib onunla cəza çəkməlidir? Hansı qanunda var ki, axtarışda olan adamın yaxınlarının ölkədən çıxmasına imkan verməyəsən? Bu bir ildə özüm də, anam və övladım da zülm çəkmişik. Artıq bütün gücümüz tükənib, uşağımın günlərlə ac qaldığı vaxtlar olur. İntihar həddindəyəm. Əgər özümə qəsd etsəm, bütün məsuliyyət bir il ərzində qanunsuz hərəkətlərlə basima oyun açan vəzifəli şəxslərin üzərindədir. Mənim belə qanunsuzluqlara görə intiharım iki ölkənin münasibətləri baxımından da yaxşı olmayacaq».

İranın Bakıdakı səfirliyi də baş verənlərdən xəbərdardır, prokurorluğa sorğular göndərib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun noyabrın 30-da yaydığı birgə açıqlamada bildirilir ki, A.Dehghanızadeh haqqında cinayət işi başlanandan (CM-in 296 və 297-ci maddələri) sonra dəfələrlə istintaqa dəvət edilsə də, gəlmədiyinə görə axtarışa verilmişdi: «Cinayət təqibi üzrə zəruri hərəkətlərin vaxtında icra edilməsi üçün Atefeh Dehghanızadeh-in ölkədən çıxışına məhdudiyyət qoyulub. Onun müraciəti əsasında məhkəmənin qərarı ilə ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülüb. Hazırda Farzad Foroozanmehr barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir».

XS
SM
MD
LG