Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Seçki ərəfəsində sərbəst toplaşmaq hüququ təmin ediləcəkmi?


Aksiyaların bir qayda olaraq uzaq ünvanlarda keçirilməsinə icazə verilir
Aksiyaların bir qayda olaraq uzaq ünvanlarda keçirilməsinə icazə verilir

Prezident seçkisinə beş ay qalsa da iki mühüm problem hələ də öz həllini gözləyir. Bunlar seçki komissiyalarının tərkibinin formalaşdırılması və sərbəst toplaşmaq hüququ ilə bağlıdır. Birinci problemin həll ediləcəyi sual altındadır, çünki dövlət rəsmiləri indiki formulu ən ədalətli və məqbul hesab edir. Baxmayaraq ki, müxalifət tamamilə əks fikirdədir. İkinci problemə gəldikdə isə onun ən azı qismən həll ediləcəyi gözlənilir. Dövlət rəsmilərinin məlumatına görə Milli Məclisə təqdim olunmuş yeni qanun layihəsində kütləvi aksiyaların keçirilməsi üçün icazə almaq nəzərdə tutulmur. Amma xəbərdarlıq edilməsi qüvvədə qalacaq.


Qanunun hətta belə qəbul ediləcəyi təqdirdə bunu irəliyə doğru addım hesab etmək olar. Dünyanın əksər demokratik ölkələrində kütləvi aksiyalar zamanı sadəcə xəbərdarlıq nəzərdə tutulur. Amma yerli müşahidəçilərin böyük qismi belə bir qanunun Azərbaycanda tam demokratik məzmunda qəbul ediləcəyinə bir o qədər də ümid bəsləmir. Məsələ bundadır ki, aksiyaların keçiriləcəyi ünvan həmişə müxalifətlə hakimiyyət arasında mübahisəyə səbəb olur. Aksiyaların bir qayda olaraq uzaq ünvanlarda keçirilməsinə icazə verilir.


Qanunda ancaq xəbərdarlıq nəzərdə tutulubsa, icazə almağa ehtiyac yoxdursa, onda müxalifət öz aksiyalarını şəhərin mərkəzi hissələrində keçirməyə çalışacaq. Belə halda hakimiyyət nə edəcək? Buna icazə verəcəkmi? Bu sualların hamısına ancaq qanunda dəyişikliklər ediləndən sonra cavab vermək olacaq. Hələlik isə ancaq ehtimallar və gümanlar söyləmək mümkündür.


Müxalifətin təkcə kütləvi aksiyalar keçirmək hüququ məhdudlaşmayıb. Müxalifət partiyaları özlərinin daxili toplantılarını və rayonlarda öz üzvlərinin iştirakı ilə tədbirlər keçirməyə çətinlik çəkirlər
Sərbəst toplaşmaq azadlığı komissiyaların tərkibinin yeni qayda ilə formalaşdırılımasından fərqli olaraq bəzən müəyyən mübahisələrə səbəb olur. Məsələ bundadır ki, müxalifətin sərəncamında qismən də olsa informasiya vasitələri var, ən azı müxalifəti müdafiə edən qəzetlər mövcuddur. Bunu əsas götürərək bəzi ekspertlər aksiyalara və mitinqlərə bir o qədər də ehtiyac olmadığını və sərbəst toplaşmaq hüququnun tam şəkildə təmin edilməsinin aktuallıq kəsb etmədiyini deyir. Amma bu, çox mübahisəli məqamdır. Sərbəst toplaşmaq hüququ təkcə müxalifətə şamil olunmur, bu, bütün vətəndaşların istifadə edəcəyi hüquqdur. Heç bir beynəlxalq sənəddə və yaxud qanunda göstərilməyib ki, bu hüquqdan ancaq müxalifət istifadə edə bilər. Düzdür, müxalifət bu hüquqdan daha çox yararlanmağa çalışır, amma bu, həmin hüququn ümumvətəndaş təbiətini inkar etmir. Eləcə də əgər sərbəst toplaşmaq hüququnu söz azadlığı tam şəkildə özündə ehtiva etsəydi onda beynəlxalq sənədlərdə bu hüquqların hər ikisi nəzərdə tutulmazdı.


Müxalifətə gəldikdə isə onun təkcə kütləvi aksiyalar keçirmək hüququ məhdudlaşmayıb. Müxalifət partiyaları özlərinin daxili toplantılarını və rayonlarda öz üzvlərinin iştirakı ilə tədbirlər keçirməyə çətinlik çəkirlər.


Qərargahı olan partiyalar bu çətinlikləri müəyyən qədər dəf edə bilirlər. Amma belə imkanı olmayan partiyalar çox çətin vəziyyətdə qalırlar.


Güman etmək olardı ki, seçki ərəfəsində bu problemlər qismən də olsa öz həllini tapacaq. Amma getdikcə buna ümidlər azalır. Çox maraqlıdır ki, beynəlxalq dairələrin Azərbaycanla bağlı tənqidi fikirlərində bu aspektlər özünü tam dolğunluğu ilə təzahür etdirmir. Azərbaycanda söz azadlığının vəziyyəti tənqid olunur. Amma bu vəziyyətdən çıxış yolu göstərilmir. Siyasi partiyalar demokratik və şəffaf seçkilərdə iştirak etməyə dəvət olunur. Amma siyasi partiyaların real vəziyyəti analiz edilmir, bu vəziyyəti dəyişə biləcək tədbirlər göstərilmir. Sadəcə, ölkənin adı hansısa siyahılarda qeyd edilir. Amma müşahidələr göstərir ki, bu yolla Azərbaycandakı siyasi gerçəklik dəyişmir. Ola bilsin, bu yollar hansısa ölkələrdə effektlidir. Amma müşahidələr göstərir ki, beynəlxalq qınaq mexanizmləri Azərbaycana münasibətdə təsirli deyil. Daha düzgün olardı ki, hakimiyyətlə müxalifətin, hakimiyyətlə cəmiyyətin real və inandırıcı dialoqu qurulsun və yaranmış vəziyyətdən çıxış yolu axtarılsın. Beş ay böyük müddət olmasa da dialoq üçün yetərlidir. İndi həqiqi siyasi dialoq Azərbaycan üçün çox vacibdir, əks təqdirdə ölkə demokratiyadan uzaqlaşmaqda davam edəcək.


XS
SM
MD
LG