Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 10:36

'Gəncə işi'nin istintaqını aparan müstəntiq özü məhkəmə zalında həbs olunub


İstintaq İdarəsi
İstintaq İdarəsi

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin (indiki İstintaq İdarəsi) müstəntiqi, Gəncə hadisələri ilə bağlı istintaq qrupunun üzvlərindən olan Orxan Hacıyev məhkəmə zalından həbs olunub. O, CM-in 178.2.3 maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. Bu, sentyabrın əvvəlində Nəsimi rayon Məhkəməsində baş verib.

5 min manat istədiyi iddia olunur

36-yaşlı Hacıyev 9 il prokurorluq orqanlarında müstəntiq işləyib. Sonuncu vəzifəsi İstintaq İdarəsinin kriminalistika şöbəsinin prokuroru olub.

Cinayət işinin materiallarında iddia edilir ki, Hacıyev Xaçmazda yaşadığı evdə qətlə yetirilmiş İlqar Məmmədovun ölümüylə bağlı cinayətin üstünün açılması, şübhəli şəxsin İnterpol xəttiylə axtarışa verilməsindən ötrü mərhumun oğlu və xanımından 5000 manat pul alıb.

Hacıyev qətllə bağlı araşdırma aparan istintaq qrupunun rəhbəri olub. O, istintaq qrupunun üzvləri ilə birlikdə Xaçmaza ezam olunub. Mərhumun oğlu Vüqar Məmmədov iddia edir ki, rayon prokurorluğunda istintaq qrupunun üzvü İlqar Babayev ondan pul istəyib. Deyib ki, istintaqçıların rayonda qalması, kirayə və s. məsələlərə xərcləri çıxır, onu ödəmək lazımdır. Məmmədovun sözlərinə görə, o gətirib prokurorluğun binasında istintaq qrupunun rəhbərinə 2000 manat pul, bir blok da siqaret verib.

1.5 milyon yox, 80 min

Həmin ərəfədə təqsirləndirilən şəxslərdən Qalib Kərimov həbs edilib. Bir müddət sonra hadisədə şübhəli bilinən Vüsal Rüstəmovun ölkədə olmadığı müəyyənləşib. Zərərçəkmişin sözlərinə görə, onun İnterpol xəttiylə axtarışa verilməsi üçün Hacıyevin özü ondan pul istəyib. Bu dəfə də anası Arzu Orucova aparıb 3000 manatı istintaq qrupunun rəhbərinə verib.

İstintaqın gedişindən, özəlliklə atası öldürüləndə evdən götürülən pulun 1.5 milyon yox, 80 min göstərilməsindən narazı qalan zərərçəkmiş müstəntiq Hacıyevdən şikayət etməyə başlayıb. O, Baş Prokurorluğun İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin (hazırda Nizami rayonunun prokurorudur-red.) qəbulunda olub, Hacıyevin ondan 5000 manat aldığını deyib pulu geri istəyib: "Pərviz İbayev dedi ki, şikayət etməyə əsas yoxdur, pul qaytarılacaq. Bir neçə gün sonra Orxan Hacıyev "İnşaatçılar" metrosunun yaxınlığında 3000 manatı qaytardı. O, görüşdə qalan 2000 manatı bağışlamağımı istədi. Sonra bir daha Pərviz İbayevin qəbulunda oldum. O, Orxan Hacıyevə zəng elədi. Qalan 2000 manatı da dərhal qaytardı".

300 manat borc aldığını deyir

Hacıyev isə qarşı tərəfin ona böhtan atdığını söyləyib. Onun sözlərinə görə, Xaçmazda olanda kredit ödənişinin vaxtı olub. Ödənişin gecikməməsi üçün mərhumun oğlundan cəmi 300 manat borc alıb. Sonradan 200 və 100 manat olmaqla, iki dəfəyə borcu qaytarıb: "Xaçmazda olanda "Bolkart" kreditinin vaxtı çatmışdı, maaş kartım ezamiyyətə gedəndə evdə qalmışdı. Vüqar kabinetimdə olanda SMS gəldi ki, 315 manat borc yaranıb, mən də qeyri-iradi deyindim. Soruşdu ki, nə məsələdir, əvvəl demədim, sonra dedim. Vüqar dedi ki, işin üstünün açılması üçün nə qədər əziyyət çəkmisən, rayona qonaq gəlmisən, o pulu tapacaq".

Keçmiş müstəntiqin sözlərinə görə, razılaşmasa da, ertəsi gün Məmmədov bir blok siqaret və 300 manat pulla gəlib. O, siqaretin pulunu verib, 300 manatı isə borc şərti ilə götürüb.

Hacıyev vurğulayıb ki, qarşı tərəf cinayət vaxtı evlərindən 1.5 milyon manat oğurlanmasıyla bağlı təqsirləndirilən şəxslərə ittiham verilməsini istəyirdi. O isə işin hallarına uyğun məbləği yazmışdı. Buna görə aralarında narazılıq yaranıb: "İkinci təqsirləndirilən şəxsi Qazaxıstandan ekstradisiya etdirmişdim. Ona da ilkin istintaqda 80 min dollarla ittiham elan olunmuşdu. Bunu biləndə Vüqar məndən şikayətlər etməyə başladı. Vüsalın Rusiyada yaşayan atası Arifi də məsuliyyətə cəlb etməyimi istəyirdi, deyirdi ki, Arif pulu ödəyəcək, bölərik. Mən razılaşmadım".

Məmmədov prokurorluğa diskdə Hacıyevlə aralarındakı söhbətin gizli səs yazısını da təqdim edib. Keçmiş müstəntiq deyir ki, həmin yazı birinci dəfə "İnşaatçılar" metrostansiyasının yaxınlığında 200 manatı ona qaytaranda yazılıb.

"Dələduzluqla borcun fərqini yaxşı bilirəm"

Hacıyev onun işini aparan istintaqdan da narazı qalıb. O, məhkəmədə ifadəsində bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq obyektiv aparılmayıb. Ona görə də müstəntiqə ifadə verməkdən imtina edib: "İşdən əsassız xaric olundum, cinayət işi başlandı. Müstəntiq Rəfail Süleymanova 300 manatı borc aldığımı demişdim. O bildirmişdi ki, bunu ifadəmdə yazsam, rüşvət kimi qiymətləndirilə bilər, daha ağır ittiham verilər. Mən 9 il prokurorluqda işləmişəm, dələduzluqla borcun fərqini yaxşı bilirəm. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tam qanunsuz aparılıb".

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sabiq müstəntiqin dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. İstintaq və məhkəmə dövründə azadlıqda olan Hacıyev hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq hökmdən apellyasiya şikayəti verib.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunan şəxslərin ailə üzvləri dövlət orqanlarına şikayətlərində Orxan Hacıyevin də adını çəkirlər. Onlar Hacıyevin istintaqı qərəzli apardığını, işgəncələrdə onun da iştirak etdiyini bildirirlər.

XS
SM
MD
LG