Bir qrup fəal xanımın martın 8-də Bakının mərkəzində planlaşdırılan aksiyasının keçirilməsinə imkan verilmədi. Aksiya təşkilatçıların sözlərinə görə, onlar qadınlara qarşı zorakılığa etiraz etmək niyyətində olublar. Lakin ərazidə olan polis qüvvələri aksiyanın qarşısını aldı.
Daxili İşlər Nazirliyi bunu aksiyanın Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmaması ilə izah edib. Təşkilatçılarının da bildirməsinə görə, BŞİH qərarını aksiya planlaşdırılan yerdə nəqliyyatın və insanların sıx olması ilə əsaslandırıb.
Bəs Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu necədir? Üstəlik, son bir ildə koronavirusla bağlı tətbiq olunan karantindən siyasi məqsədlər üçün istifadə edilirmi?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan" agentliyinə bildirib ki, sərbəst toplaşmaq azadlığı konstitusion hüquqdur, eyni zamanda, onun həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb: "Burada 1966-cı ilin "Mülki və siyasi hüquqlar haqqında" Pakt, eləcə də Avropa İnsan Haqları Konvensiyanın müddəaları nəzərə alınıb. Biz hər iki sənədi ratifikasiya etdiyimizdən onların yurisdiksiyası Azərbaycanda qüvvədədir".
"Koronavirus pandemiyasından sonra..."
Deputat qeyd edib ki, bu məsələdə konsensus tapılmır və parçalanmış suallar meydana gəlir: "Müxtəlif siyasi qüvvələr, partiyalar, hərəkatlar kütləvi və ya məhdud saylı tədbirlər keçirmək üçün "yalnız məlumat vermək kifayətdir, sonra şəhərin istənilən nöqtəsində bu addımları ata bilərik" deyə belə bir gerçəkliyin formalaşdırılmasını istəyirlər".
Lakin komitə sədrinin fikrincə, koronavirus pandemiyasından sonra dünyada bütün fundamental hüquq və azadlıqların gerçəkləşməsi üzərində məhdudiyyətlər tətbiq olunub: "Hətta Avropa Şurası və o areala daxil olan ölkələrdə bir sıra mühüm hüquqların məhdudlaşdırılması zərurəti məhz belə fors-major dövrlərdə məqbul sayıldı. Qətiyyən bundan ötrü beynəlxalq məhkəmələrə dövlətin çəkilməsinin məqbul olmayacağı söylənildi. Orada sərbəst toplaşmaqla bağlı müddəalar da var idi".
"Qanunvericilikdə qeyd olunur ki,..."
Bununla belə, Z.Oruca görə, bu məsələ ətrafında məsələlər sona qədər həllini tapmayıb: "Hakimiyyət orqanları, o cümlədən bütün maraqlı təşkilatlar bir araya gələrək sərbəst toplaşmağa dair əksər ünvanları müəyyənləşdirə bilərlər. Qanunvericilikdə qeyd olunur ki, mühüm ictimai, dövlət, milli və ya beynəlxalq tədbirlər zamanı və başqa hallarda onların keçirilməsi tamamilə ləğv edilə, yaxud da ki, təxirə salına bilər. Qarşı tərəf isə düşünə bilər ki, müvafiq icra strukturları həmin müddəaları daha çox öz xeyrinə şərh edirlər".
Deputat hesab edir ki, prezident İlham Əliyevin hakim partiyanın sonuncu qurultayındakı (5 mart 2021) çıxışı zamanı iki tezisinə nəzər salınsa, məsələ çözülə bilər: "Birincisi, cəmiyyətdə böyük ictimai diskussiyalara ehtiyac var. Yəni, biz susqunluq, qapalılıq, siyasi mühitin daraldılması mövqeyinin tərəfində deyilik. Xüsusilə də ölkədə bütün icra, məhkəmə və parlament sistemlərinin yenilənməsi fonunda yeni hakimiyyət quruculuğu prosesinin artıq hakim partiyaya gəlib çatmasından irəli gələrək ölkə rəhbərinin belə bir vurğu etdiyini düşünürəm. İkincisi isə, biz dialoqda maraqlıyıq".
"Dialoq yolu ilə..."
Z.Oruc qeyd edib ki, siyasi qüvvələrin arasında heç bir məsələdə ciddi konfrontasiyası yoxdur: "Ona görə də dialoq yolu ilə bütün ərazilərdə bu aksiyaların yeri müəyyənləşdirilə bilər".
Deputata görə, hakimiyyətin Vətən müharibəsindən (İkinci Qarabağ savaşını nəzərdə tutur) sonra ictimai rəydə güclü nüfuzu deməyə əsas verir ki, demokratik idarəçilik sisteminin bərqərar olması kimi proseslər sürətlənəcək: "Müxtəlif xarici təsirlərin, təzyiqlərin, o cümlədən ölkə içi hansısa bir qüvvəni ələ alaraq onu dövlət əleyhinə yönəltməyin təhlükələri hesablandığından bir sıra fərqli addımlara gedilib. Ancaq indiki şəraitdə ölkə regional və beynəlxalq miqyasda bir dövlət kimi gücünü ortaya qoyub. Bu isə ictimai həyatın, siyasi münasibətlərin müxtəlif aspektlərini tam yenidən qurmağı tələb edir".
"Müəyyən mənada qadağalar var"
Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna bildirib ki, martın 8-də keçirilən aksiya "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənən bir məsələdir. Hüquqşünasın fikrincə, ona icazə verilməməsi qanunsuzdur: "İnsanların açıq məkanlarda dinc toplantılarına məhdudiyyətlər, imtinalar Azərbaycanda artıq presedent halını alıb. Baxmayaraq ki, bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan barəsində kifayət qədər qərarları var. Ölkədə sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər və hətta deyərdim ki, müəyyən mənada qadağalar var".
"Qanun özü təkmilləşdirilməlidir"
H.Həsənov vurğulayıb ki, Azərbaycanda bu sahədə problemlər yalnız praktiki deyil: ""Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda da xeyli məhdudiyyətlər var. İmtina cavabı veriləndə əksər hallarda birbaşa qanunla səslənməyən məsələlər olsa da, bəzi hallarda qanunun özündən irəli gələn məsələlər var. Qanunda toplantının keçirilməsinin yeri, vaxtı ilə bağlı məhdudiyyətlər var. Buna görə də qanun özü təkmilləşdirilməlidir".
Hüquqşünasın fikrincə, bu məsələdə ayrı-ayrı qruplara və şəxslərə də münasibət fərqlidir: "Nazirlər Kabinetin karantin rejimi ilə bağlı qərarında qapalı yerlərdə toplantıların keçirilməsi qadağandır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında kifayət qədər çox insanın iştirakını nəzərə alsaq, burada karantin rejimin pozulması var idi. Alternativ siyasi qüvvə belə qurultay keçirsə, deyəcəklər ki, bu, karantin rejimin pozulmasıdır və onların məsuliyyətə cəlb olunması tələb ediləcək".
YAP yetkililəri isə belə fikirlərlə razı deyirlər. Onlar deyirlər ki, qurultaylarında 190 civarında şəxs iştirak etsə də, onlar sosial məsafə və digər zəruri qaydalara əməl ediblər.