Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən insan hüquqları təşkilatı "Freedom House" martın 3-də açıqladığı hesabatda Azərbaycanı "qeyri-azad" ölkələrin sırasına daxil edib. Təşkilatın qənaətincə, Azərbaycanda siyasi və vətəndaş azadlıqları təmin edilmir.
"Freedom House" həmçinin, ötən ilin sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsinin demokratiyaya təsir göstərdiyini, Azərbaycanda "avtoritar prezident" İlham Əliyevin idarəçiliyini möhkəmləndirdiyini qeyd edir.
"Qərəzli münasibət bu təşkilatın ana xəttini təşkil edir"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan" agentliyinə bildirib ki, "Freedom House" ənənəvi olaraq Azərbaycana qarşı hər zaman qeyri-obyektiv rəyləri ilə fərqlənib: "O öz ənənələrinə sadiq qalır. Təəssüf edirəm ki, Azərbaycana qarşı qərəzli münasibət bu təşkilatın ana xəttini təşkil edir".
Deputat qeyd edib ki, ölkədə siyasi və vətəndaş azadlıqlarına heç bir məhdudiyyət yoxdur: "Azərbaycanda insan haqları, siyasi azadlıqlarla bağlı hansı məhdudiyyətlər var? Azərbaycanda siyasi fəaliyyətinə görə kimdir həbsə salınan, haqqında cinayət işi qaldırılan, fəaliyyəti məhdudlaşdırılan? Hətta ən radikal mövqedə dayanan, çıxışlarında, fikirlərində kifayət qədər obyektiv olmayan siyasətçilər belə ən müxtəlif platformalarda fəaliyyətlərini davam etdirirlər. Həqiqət naminə bunu etiraf etmək lazımdır".
"İki ölkənin uğurlarına qısqanclıqla yanaşırlar"
F.Ağamalının fikrincə, "Freedom House" təşkilatının mövqeyinə erməni lobbisinin təsiri çox güclüdür və bu səbəbdən təşkilat Azərbaycana qarşı qərəzli mövqedə dayanıb: "Ermənistanda siyasi opponentlər barəsində cinayət işi açılıb, bir jurnalist və bir siyasətçi həbsxanada aclıq edərək dünyasını dəyişib. Amma bununla bağlı bir kəlmə belə deyilmir. Fransanın özündə jurnalistlərə qarşı fiziki təzyiqlər olur, amma bu haqda da heç nə deyilmir. Azərbaycan və Türkiyə bu gün bu cür təşkilatların hədəfindədir, çünki onlar bu iki ölkənin əldə olunmuş uğurlarına qısqanclıqla yanaşırlar".
"Bəs hanı ədalət?"
Komitə üzvü hesab edir ki, Ermənistanı müdafiə edən təşkilatlar Azərbaycan ordusunun 44 günlük tarixi qələbəsindən sonra daha aqressiv görünməyə başlayıb: "Gəncəyə, Bərdəyə bombalar atıldı, mülki insanlar öldürüldü. Nə qədər kütləvi informasiya vasitələri vasitəsilə hətta cənab prezident səviyyəsində bu təşkilatlara iradlar bildirildi ki, hadisələrə obyektiv qiymət verilmir. Bəs hanı ədalət?".
Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlınin isə AzadlıqRadiosuna bildirməsinə görə, uzun illərdir ki, Azərbaycan insan hüquqları ilə bağlı hesabatlarda "qabaqcıl" yerlərdən birini tutmaqda davam edir: "Həmin hesabatlarda problemlər, adətən, iki istiqamət üzrə göstərilir - həm qanunvericiliyin vəziyyətinə, həm də praktik fəaliyyətə görə".
"İstər sərbəst toplaşmaq azadlığı, istərsə də..."
Ekspert qeyd edib ki, Azərbaycanda qanunvericiliyin vəziyyəti ilə bağlı uzun illərdir problemlər mövcuddur: "Qanunvericilikdə həm siyasi fəaliyyət, həm də insan hüquqları sahəsində ciddi məhdudlaşdırıcı amillər var. İstər sərbəst toplaşmaq azadlığı, istərsə də birləşmə azadlığı ilə bağlı məsələlər təmin edilmir. O cümlədən praktiki fəaliyyətlə bağlı məhdudlaşdırıcı amillər qalmaqdadır".
"Seçkilər saxtalaşdırıldı"
B.Süleymanlının fikrincə, ötən ilki parlament seçkilərindən sonra hökumət çalışır ki, mühitin dəyişməsi ilə bağlı hansısa addımlar atılsın: "Amma görülən tədbirlər yetərli deyil. Parlamentin buraxılıb yenidən formalaşdırılmasından sonra biz orada çoxpartiyalı sistemi, müxalifətin və bitərəflərin çoxluğunu yenə görmədik. Seçkilər saxtalaşdırıldı və hakimiyyətin nəzarəti altında bir parlament formalaşdırıldı. O cümlədən, kurs götürüldü ki, siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə dialoq mühiti yaradılır. Amma bunun da hələ ki, effektivliyi yoxdur".
Hüquq müdafiəçisi qeyd edib ki, vətəndaş cəmiyyətinə 2014-cü ildə basqılardan sonra bu sahədə də vəziyyət dəyişməyib: "Cinayət işləri açıldı, qanunvericilik dəyişdi. İndiyə qədər bu məhdudiyyətlərlə bağlı heç bir mütərəqqi addımlar atılmayıb. Nə qanunvericilik dəyişir, nə də açılan cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib".
"Siyasi məhbuslar problemi həll olunmayıb"
Ekspertə görə, fundamental azadlıqlarla bağlı problemlər qalmaqdadır: "Bir misal çəkim. Bu günlərdə Feminist Hərəkatının üzvləri sərbəst toplaşmaq azadlığı ilə bağlı müraciət ediblər, yürüş keçirmək istəyiblər, amma Bakı şəhər İcra Hakimiyyəti onlara qadağa qoyub. Bu hallar göstərir ki, yenə də fundamental hüquqlarla bağlı problemlər qalmaqdadır. Siyasi məhbuslar problemi həll olunmayıb".
B.Süleymanlı əlavə edib ki, postmüharibə dövründə vəziyyətin daha da avtoritarlaşmış görsənməsinin səbəbi ölkə qanunvericiliyinin və praktiki fəaliyyətin müasir çağırışlara cavab verməməsidir: "Hakimiyyət başa düşür ki, müasir dünyada tam qapanmış vəziyyətdə idarə etmək mümkün deyil. Ona görə də müəyyən addımlar atır. Digər tərəfdən də, hər şeyi öz nəzarətində saxlamaq istəyir. Bu düşüncə tərzi onları geriyə salır".
Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olmasi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, rəsmilərin açıqlamasına görə, seçkilər sırf xalqın iradəsini ifadə edir.