Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:59

Dövlətə xəyanətdə suçlanan partiya sədri məhkəmə qarşısında


İlham Əliyev
İlham Əliyev

Azərbaycan İslam Partiyasının sədr əvəzi, həbsdə olan ilahiyyatçı İlham Əliyevin məhkəməsi gedir. Dövlətə xəyanətdə suçlanan ilahiyyatçının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, Mehman Rzayevlə birlikdə mühakimə olunur.

Təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir, xarici ölkəyə casusluq etmələri haqda cinayət işinin materiallarında yazılanların yalan olduğunu bildirirlər. İttihamda əksini tapmış məqamlardan biri də budur ki, xüsusi göstəriş əsasında bəzi saytlarda dini müstəvidə ayrıseçkiliyi ehtiva edən materiallar yayımlanıb. Bu məqsədlə maliyyə verilib.

"O saytlarda belə yazılar qeydə alınmayıb"

Vəkil Cavad Cavadov məhkəmədə vəsatət qaldırıb ki, bu epizod ittihamdan xaric olunsun. Vəkil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən sorğusuna verilən cavabı məhkəməyə təqdim edib: "Azərbaycanda məhkəmə qərarıyla bloklanmış saytlar var. O qərar da Elektron Təhlükəsizlik Mərkəzinin müraciəti əsasında çıxarılıb. Guya həmin saytlarda dövlətçilik əleyhinə, qanunazidd materiallar yayımlanır. Ona görə də mən o quruma sorğu göndərdim ki, cinayət işinin materiallarında adları çəkilən "İslamın səsi" və "fakt xəbər" saytlarında dini nifrət yayan, ayrıseçkilik ifadə edilən materiallar yayımlanıbmı? Məlum oldu ki, o saytlarda belə yazılar qeydə alınmayıb".

Sorğuya verilən cavabı məhkəmə cinayət işinin materiallarına əlavə edib.

İlahiyyatçının işi üzrə 34 nəfər şahid qismində tanınıb ki, onlardan 24-ü məhkəmədə dindirilib. Dindirilən şahidlərin əksəriyyəti də İslam Partiyasının ayrı-ayrı rayon təşkilatlarının üzvləri və rəhbərləri olub. Onlar, əsasən, partiyaya ayrılan maliyyə vəsaitləri haqda sualları cavablandırıblar.

Dövlətə xəyanət ittihamı üzrə cinayət işlərində bir çox hallarda dövlət sirri sayılan məlumatlardan söhbət getdiyinə görə bu cür işlərin məhkəmə araşdırması da ya tam, ya da qismən qapalı keçirilir.

Əliyev və Rzayevin işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Onların ittiham olunduğu CM-in 274-cü maddəsində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan İslam Partiyası 1991-ci ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçib. 1995-ci ildə partiyanın sədri Əlikram Əliyev casusluqda suçlanaraq həbs edilib, Ali Məhkəmə partiyanın qeydiyyatını da ləğv edib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov da 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. O, 12 il azadlıqdan məhrum edilib. Onun həbsindən sonra birinci müavin İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb. Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb və barəsində həbs qərarı verilib. O, hazırda da DTX-nın istintaq təcridxanasında saxlanılır.

XS
SM
MD
LG