xeberman.com saytının həbsdə olan rəhbəri, dövlətə xəyanətdə suçlanan Polad Aslanov haqqında 16 illik həbs hökmü qüvvəyə mindi. Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.
Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası Aslanovun apellyasiya şikayətini təmin etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qərardan öncə təqsirləndirilən baş redaktorun özü də çıxış edərək 15 gündür aclıq aksiyası keçirdiyini, səhhətində problemlər yarandığını bildirib. Ayaq üstə dayana bilmədiyini deyən Aslanov vurğulayıb ki, bütün bunlar onun ölümüylə nəticələnsə, məsuliyyət Prezident İlham Əliyevin üzərində qalacaq: "Qatilim İlham Əliyev olacaq...".
"Hanı o qaimələr, qoysunlar ortaya"
Aslanov dövlətə xəyanət ittihamının saxta olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması haqda yazılarına görə cəzalandırıldığını söyləyib: "Deyirlər ki, guya casusluq edib pul almışam, qaimələr imzalamışam. Hanı o qaimələr, qoysunlar ortaya. Qoya bilmirlər, çünki elə bir şey olmayıb. Korrupsiya haqda yazılarımı dövlətə qarşı yazılar kimi qiymətləndiriblər, çünki korrupsiyanın başında özləri dayanır".
Baş redaktorun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək. Onun sözlərinə görə, həyat yoldaşı 15 gündür Bakı İstintaq Təcridxanasında aclıq etsə də, həkim nəzarətinə götürülməyib: "Bu adam aclığa başlayanda çəkisi 44 kiloqram idi. Adi təzyiqini də yoxlamırlar. Təcridxanada tibbi-sanitar hissəyə köçürmürlər, əvvəlki kimi, ikiadamlıq kameradadır. Bu qədər biganə yanaşırlar. Rəngi ağarıb, əlləri əsir, ifadə verəndə ayaq üstə dayana bilmədi...".
Ombudsman Aparatı da Aslanovun Bakı İstintaq Təcridxanasında aclıq etdiyini təsdiqləyib. Ötən həftə Ombudsman Aparatından verilən açıqlamada bildirilmişdi ki, vəziyyəti normaldır, sərbəst hərəkət edir, lakin barəsindəki hökmdən şikayətçidir, etiraz olaraq aclıq edir.
Aslanovun aclıq etməsi və hazırkı durumu haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb.
DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.
Baş redaktor ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən DTX əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.