Bakı İnsan Hüquqları Klubu "Tərtər işi" üzrə ermənilərə casusluqla dövlətə xəyanət və başqa ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilmiş 25 nəfərin işini araşdırıb. Belə nəticəyə gəliblər ki, onlara qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Ona görə də qurum fevralın 15-də Prezident Administrasiyasının rəhbəri, Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev və komissiyanın üç üzvünə – Zahid Oruc, Əliməmməd Nuriyev və Azay Quliyevə müraciət edib. Bu barədə AzadlıqRadiosuna Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, müraciət ümumilikdə 110 nəfəri əhatə edir. Onların arasında "Tərtər işi"ndə məhkum edilənlər, ictimai-siyasi fəallarla yanaşı, 10-a qədər qeyri-siyasi işlər də var. Adları müraciətdə əks olunan şəxslərin əfv və amnistiya yoluyla azadlığa buraxılması istənilir.
"Çox mürəkkəb işdir"
""Tərtər işi"ndə 25 nəfərin sənədlərini əldə edib araşdırmışıq, daha 12 nəfər haqda məlumatları toplaya bilməmişik. Çox mürəkkəb işdir, həddindən artıq ziddiyyətlər, pozuntular var. Bizdə əminlik yaranıb ki, o 25 nəfərin ittiham edildiyi cinayətlərdə əli yoxdur. Hər halda, ittihamları təsdiqləyən mötəbər sübut yoxdur. Adamı dövlətə xəyanət kimi ağır ittihamla cəzalandırmaq üçün mötəbər sübut olmalıdır. Amma belə sübutlar olmadan adamlara 16, 18, 20 ilə qədər cəzalar verilib. Ən aşağı cəza 7-8 ildir", – Cəfərov belə deyir.
Hüquq müdafiəçisi bildirib ki, "Tərtər işi" üzrə istintaqa cəlb olunan onlarla hərbçiyə işgəncələr verilib. Azı 9 nəfərin işgəncə nəticəsində öldüyü rəsmən təsdiqlənib. Onlara işgəncəyə verməyə görə 10-a yaxın adam cinayət məsuliyyətinə cəlb olunub. Cəfərovun sözlərinə görə, işgəncə faktı sənədlərlə-sübutlarla təsdiqlənsə də, cəzalananlara işgəncə ilə bağlı ittiham verilməyib. Həmin şəxslər CM-in 133 (əzab vermə) və digər maddələri ilə məsuliyyətə cəlb olunub. Əzab verməyə görə qanunvericilikdə ən yuxarı cəza 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmədir.
CM-in 293-cü maddəsində isə işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara görə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu maddənin "Qeyd" hissəsində yazılıb ki, "işgəncə" dedikdə şəxsdən məlumat, etiraf ifadəsi almaq, onu qorxutmaq, cinayətə görə cəzalandırmaq məqsədilə ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.
"Pulsuzluqdan yanına da gedə bilmirəm"
"Tərtər işi"nə görə cəzalananlardan biri də 33-yaşlı Zaur Abdullayevdir. O, 17 il azadlıqdan məhrum edilib. Amma anası Təranə Abdullayeva oğlunun təqsirsiz olduğunu, ağır işgəncələrə məruz qaldığını deyir: "Təsəvvür edin, onu armaturla döyüblər, cinsiyyət orqanına qədər, bütün bədəninə "tok" veriblər. İnsan olan kəs insana belə zülm eləməz axı...".
Hazırda 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Abdullayevin iki azyaşlı övladı var. Anası deyir ki, ikinci uşaq atasının həbsindən sonra dünyaya gəlib.
Zaurun özü ilə yanaşı, qardaşı da hərbçi olub. Sözügedən hadisələrdən sonra qardaşını da işdən çıxarıblar: "Zaur 11 il xidmət etmişdi, kiçik oğlum 2 il 7 ay. Ona da o qədər əzab verdilər, xəstəlik tapdı. İndi də müalicə olunur. Məmur özbaşınalığı, ədalətsizlik iki günahsız övladımın həyatını məhv elədi. Pulsuzluqdan yanına da gedə bilmirəm...".
Əfv Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev AzadlıqRadiosuna bildirib ki, komissiyaya daxil olan ərizə və müraciətlərin hər biri diqqətlə araşdırılır, onun ətrafında müzakirələr aparılır.
Hökmlər dəyişməyib
"Tərtər işi" üzrə məhkum edilənlərin əksəriyyəti barələrində çıxarılan hökmlərdən yuxarı instansiya məhkəmələrinə şikayət veriblər. Lakin hökmlər dəyişməyib.
Bu iş üzrə məhkəmələrin hökm və qərarlarında iddia olunur ki, irəli sürülmüş ittihamlar məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb.
Bu cinayət işlərində dövlət sirri təşkil edən məlumat və hadisələrdən bəhs olunduğu əsas gətirilərək məhkəmə iclasları qapalı keçirilib.
2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq bəyan etmişdi ki, bu hərbçilər Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə həbs olunub.
"Tərtər işi" üzrə həbs olunanlara CM-in 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 274 (dövlətə xəyanət), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və başqa maddələri ilə ittiham irəli sürülüb. Onların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını bildiriblər.