Bir il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən, ardınca yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar hələ yekunlaşmayıb. Baş prokurorun birinci müavini Elçin Məmmədov azyaşlının qətlində suçlanan İlkin Süleymanovun həbsdə saxlanma müddətinin artırılması üçün məhkəməyə təqdimat verib. Dekabrın 18-də Nəsimi rayon Məhkəməsində təqdimata baxan hakim Solmaz Mustafayeva onu təmin edib və istintaq dövründə İ.Süleymanovun həbsdə saxlanma müddəti 1 ay 13 gün də uzadılıb.
Məhkəmədə 47-yaşlı İ.Süleymanov özü də iştirak edib. Həm onun özü, həm də vəkili həbsin uzadılması barədə təqdimata etiraz edib. İ.Süleymanov bildirib ki, bu cinayətə aidiyyəti yoxdur, təqsiri olmadığı halda 1 ildir həbsdə saxlanılır.
"İlkinin təqsirli olduğunu təsdiqləyən mötəbər sübutlar yoxdur"
Vəkil Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək, çünki İ.Süleymanovun həbsdə saxlanma müddətinin uzadılması üçün əsas yoxdur.
Prokurorluq təqdimatını belə əsaslandırıb ki, hələ aparılmalı istintaq hərəkətləri var. Bu müddətdə İ.Süleymanov azadlıqda olsa, qaçıb gizlənə, istintaqın gedişinə mane ola bilər. Müdafiə tərəfi isə hesab edir ki, 1 ilə yaxındır davam edən istintaq dövründə İ.Süleymanovun təqsirli olduğunu təsdiqləyən mötəbər sübut ortaya qoyulmayıb.
"Sübut etmə yükü istintaq orqanının üzərinə düşür. İlkin Süleymanova qarşı ittihamın əsaslı olduğunu isbat edən sübutlar ortaya qoymalıdır. İlkin Süleymanov təqsirsiz olduğunu sübut etmək vəzifəsi daşımır. Yəni, qarşı tərəf onun təqsirli olduğunu sübut etməlidir. Amma İlkin Süleymanovun da təkzib etmə hüququ var, əlində olan faktları təqdim edə bilər. Hesab edirik ki, istintaqın əlində İlkinin təqsirli olduğunu təsdiqləyən mötəbər sübutlar yoxdur. İstintaqın uzanması da bundan irəli gəlir", – vəkil belə deyir.
İstintaqda İ.Süleymanovun 10 yanvar 2020-ci il tarixli etiraf ifadəsi var. İ.Süleymanov isə məhkəmədə bildirib ki, həmin ifadələri dörd gün Tovuz rayon Polis Şöbəsində işgəncələrə məruz qalandan sonra dözməyərək imzalayıb. İ.Süleymanovun vəkilləri ona qarşı işgəncə iddiaları ilə əlaqədar öncə prokurorluğa, daha sonra məhkəmələrə müraciət edib. Lakin ölkə daxilində məhkəmələrin heç biri onun şikayətini təmin etməyib. Vəkil Ə.Rzayev deyir ki, ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə İ.Süleymanovun işgəncə şikayəti artıq Avropa Məhkəməsinə göndərilib.
Xatırlatma
10-yaşlı Nərmin Quliyeva ötən ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.
Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.
Prokurorluq İ.Süleymanovun işgəncə altında etirafedici ifadəyə imza atması barədə dediklərinin əsassız olduğunu bəyan edib.
İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.