Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 12:48

Həbsdəki jurnalistə 17 il həbs tələb olundu


P.Aslanov
P.Aslanov

xeberman.com saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanova 17 il azadlıqdan məhrumetmə cəzası istənilib. Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Eldar Həmzəyev bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, P.Aslanova qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamı məhkəmədə təsdiqini tapıb.

P.Aslanova CM-in 134-cü (öldürməklə hədələmə) maddəsi ilə də ittiham verilmişdi. Prokuror bu ittihama xitam verilməsini təklif edib.

Jurnalistin vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən iki həftə vaxt istəyiblər. Hakim onlara noyabrın 5-nə qədər vaxt verib.

P.Aslanov isə dövlət ittihamçısının bu cür çıxışının onun üçün gözlənilməz olmadığını bildirib: "Mən bunlardan hər şey gözləyirəm...".

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

P.Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

P.Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG