Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 15:25

'Azərbaycan təhsil sisteminin müharibə vəziyyətinə dair planı yox idi'


21-ci əsrdə Azərbaycanda "analoqu olmayan" məktəb
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

21-ci əsrdə Azərbaycanda "analoqu olmayan" məktəb

Azərbaycanın təhsil müəssisələrində oktyabrın 19-dan noyabrın 2-dək ikihəftəlik tətil elan edilib. Nazirlər Kabineti bununla bağlı qərarını bu gün, oktyabrın 16-da açıqladı. "Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib", - qurumun açıqlamasında yazılıb.

Habelə, bağçalar, musiqi məktəbləri, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin də fəaliyyətinə noyabrın 2-dək fasilə verilir.

Təhsil naziri Emin Əmrullayev bu gün, oktyabrın 16-da deyib ki, noyabrın 2-dən təhsil bu və ya digər formada yenidən bərpa olunacaq. O, iki həftə ərzində yoluxma dalğasının qırılmasına nail olunacağına inamını ifadə edib. Onun deməsinə görə, oktyabrın sonlarında -noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək.

Dağlıq Qarabağ və ətraf bölgələrdə döyüşlərin bərpa edilməsi ilə bağlı Azərbaycanda sentyabrın 27-dən internet məhdudlaşdırılıb. Halbuki, dərslər, əsasən, onlayn keçirilməlidir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Tədris bizim üçün..."

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, təhsil-tədris uzunmüddətli dayandırıla bilməz. Onun fikrincə, başqa tərəfdən isə, ənənəvi tədris formatını distant və ya oflayn sistem əvəz edə bilməz: "Tədris bizim üçün "məktəb-sinif- müəllim-şagird" komponentlərindən ibarətdir və hələ ki, əvəzedilmədir".

İki həftəlik tətil elan edilməsinə gəlincə, deputat deyib ki, bu son vaxtlar koronavirusa yoluxmanın artması ilə bağlı məsələdir və indiki halda düzgün addımdır: "Çünki kütləvi yoluxmanın qarşısını almağa hesablanıb".

İnternetin sürətinin normallaşmasına gəlincə, deputat deyib ki, bu, dövlət səviyyəsində olan məsələdir və burada son söz dövlət qurumlarına aiddir. Onun fikrincə, bu, həm də indiki halda dövlət təhlükəsizliyi ilə bağlı məsələdir.

"Etiraf edək ki,..."

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Kamran Əsədov isə AzadlıqRadiosuna deyib ki, 2020-ci il, sözün həqiqi mənasında, təhsil-tədris üçün ağır il oldu: "Bu ilin mart ayından pandemiya ilə bağı tətbiq edilən karantin, tədrisin dayandırılması, indi isə pandemiya və müharibə vəziyyəti təhsildə çətin dövr yaşadır. İstər dünyada, istərsə də Azərbaycanda təhsil daha çox normal qaydalarda həyata keçirilməyə öyrəşdirilmiş sistemdir. Həm də etiraf edək ki, yeni hərbi vəziyyətə, xüsusən müharibə vəziyyətinə dair Azərbaycan təhsil sisteminin planı yox idi".

K.Əsədov
K.Əsədov

İkihəftəlik nəzərdə tutulmayan tətilə gəlincə, ekspert hesab edir ki, bu, gözlənilən idi. Onun fikrincə, son günlər yoluxmaların sayındakı artım bunu diktə edirdi.

K.Əsədov əlavə edib ki, sentyabrın 15-dən oktyabrın 15-nə kimi ölkə üzrə 37 məktəb məhz bu səbəblə fəaliyyətini dayandırıb, distant tədrisə keçib. O, əlavə edib ki, sentyabrın 27-dən isə distant təhsilin keçirilməsinə də çətinlik yaranıb. Ekspert sonra da deyib: "Burada gücləndirilmiş və dərinləşdirilmiş təhsil sistemi müşahidə edəcəyik. Yəni, şagirdlər əvvəlkindən daha çox dərs yükü götürəcəklər. Daha çox təhsil almaq üçün dərsin keçirilməsi müddəti də dəyişə bilər. Bəzi fənlərin ənənəvi şəkildə keçirilməməsi də müzakirə olunacaq".

Onun fikrincə, indiki halda Təhsil Nazirliyinin e-dərslik, virtual məktəb kimi sayt və portal resurslarından istifadə etmək olar.

İnternetin məhdudlaşdırılmasına gəlincə, K.Əsədov da vurğulayıb ki, bu, dövlət təhlükəsizliyi ilə bağlı məsələdir.

Xatırlama

Azərbaycanda noyabrın 2-nə kimi karantin elan edilib. Karantin rejimi martın 24-dən tətbiq edilir. Son aylar rejim bir xeyli yumşaldılmışdı.

Ötən tədris ilində dərslər martın 3-dən dayanmışdı. 2019-2020-ci il tədris ilinin sonrakı dövründə dərslər onlayn keçirilmişdi.

Bu tədris ilində də dərslər öz vaxtında, sentyabrın 15-də başlasa da, məktəblərdə yalnız ibtidai siniflərə həftədə 2-3 dəfə dərslər keçirilirdi. Yuxarı siniflər isə oktyabrın 1-i (5-9-cu siniflər) və 15-i (10-11-ci siniflər) məktəblərə getməyə başlamışdılar. Onlar da həftənin yalnız bir neçə günü məktəbə gedirdilər. Dərslərin, əsasən, onlayn keçirildiyi bildirilirdi.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 min civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan da 619 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG