Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 15:18

'BMT-nin Hüseyn Abdullayevlə bağlı qərarının icrasını tələb edəcəyik'


H.Abdullayev
H.Abdullayev

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevaya Ali Məhkəmə də "yox" dedi. Oktyabrın 14-də onların hər ikisinin haqqındakı hökmün dəyişdirilmədən qüvvədə saxlanmasına qərar verilib.

H.Abdullayevin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, artıq ölkə daxilindəki bütün hüquqi müdafiə vasitələri tükəndiyinə görə Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

"Eyni zamanda, BMT-nin Hüseyn Abdullayevlə bağlı qərarının icrasını tələb edəcəyik. Azərbaycan könüllü şəkildə BMT-yə üzv dövlət olaraq, üzərinə öhdəliklər götürüb, icra etməlidir. Necə ki biz BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamələrinin icrasını istəyirik, eləcə də BMT-nin digər strukturlarının qərarlarına da hörmətlə yanaşmalıyıq", – vəkil bildirib.

BMT-in Əsassız Həbslərlə bağlı İşçi Qrupu H.Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, onun hüquq və azadlıqları pozulub. İşçi Qrup hesab edir ki, o, azadlığa buraxılmalıdır.

H.Abdullayev özü BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupuna müraciət edərək onun işi ilə bağlı araşdırma aparılmasını istəmişdi. Təxminən bir il davam edən araşdırmalardan sonra İşçi Qrup bu qənaətə gəlib ki, onun İstanbulda saxlanması da, Bakıya təhvil verilib, burada barəsində həbs qərarı çıxarılması da qanunsuz olub: "Azərbaycan hökuməti Hüseyn Abdullayevi dərhal azad etməlidir. Türkiyə və Azərbaycan hökumətləri ona beynəlxalq hüquqa uyğun olaraq, icra edilə bilən kompensasiya və digər təzminat hüququ verməlidir".

Azərbaycan hökumətinin bu qərara münasibəti məlum deyil.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

XS
SM
MD
LG