Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 15:25

Pandemiya Azərbaycanda yenidən ciddiləşirmi?


COVID-19
COVID-19

Azərbaycan Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, oktyabrın 14-dən karantin dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olunmaqla, Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu, Azərbaycanda koronavirus məsələsinin yenidən ciddiləşməsi anlamına gəlirmi? Yeri gəlmişkən, son günlər ölkədə aşkarlanan yoluxma hallarının artdığı bildirilir. Dünən, oktyabrın 13-də 277 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı. Bu gün, oktyabrın 14-də bu rəqəmin 369-a yüksəldiyi bildirilib.

A.Qeybulla
A.Qeybulla

"Bu barədə məlumatlıyam,..."

Tibb sahəsi üzrə professoru Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, bəzi yaşayış məntəqələrində karantin qaydalarına əməl olunmaması, virusdan qoruyucu vasitələrdən istifadə edilməməsi pandemiyanın daha da güclənməsinə səbəb olub. Onun fikrincə, bu, həm də onun göstəricisidir ki, epidemioloji vəziyyət həddən artıq pisləşib və sərt karantin tətbiq etməkdən başqa yol qalmayıb: "Bu barədə məlumatlıyam, vəziyyət o qədər də yaxşı deyil. Giriş-çıxışın qadağan edilməsi də virusun daha geniş sahəyə yayıla bilməsini məhdudlaşdırmaq və vəziyyəti nəzarətə götürməkdən ibarətdir".

Karantin tədbirlərinin sərtləşdirilməsində hökumətin maraqlı olması və ya bu məsələnin kökündə siyasi məqamların da yer alması barədə bəzilərinin düşüncələrini isə A.Qeybulla əsassız sayır.

V.Əhmədov
V.Əhmədov

"Pandemiya bir qədər arxa plana keçib"

Mövzu ilə bağlı deputat Vahid Əhmədov isə "Turan" agentliyinə deyib ki, indi bütün əhalinin əsas diqqəti Azərbaycana zəfər gətirəcək hərbi əməliyyatlara yönəlib və belə halda pandemiya bir qədər arxa plana keçib: "Şəhidlər var, onları son mənzilə yola salmaq üçün insanlar toplaşırlar. Belə halda pandemiyadan qorunmaq bir az arxa plana keçir. Səbəblərdən biri bunu görürəm. Bununla belə, hesab edirəm ki, Azərbaycan əhalisi başa düşməlidir ki, pandemiya ağır bir prosesdir və hər bir vətəndaş sağlamlığının da qeydinə qalmalı, maskadan, spirtdən istifadə etməlidir".

V.Əhmədov da hesab etmir ki, karantin tədbirlərinin sərtləşdirilməsində hökumətin marağı var: "Bütün bunlar əsassız fikirlərdir. Dövlətin marağında olan vətəndaşların sağlamlığı, səhhətlərində problemlərin olmamasıdır. Bu pandemiya bütün insanlıq üçün bir problem yaradıb...".

Azərbaycanda noyabrın 2-si saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub. Karantin rejimin tətbiqinə marın 24-dən başlanıb, son aylar rejim bir xeyli yumşaldılmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 42750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 616 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG