Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:44

10 yaşlı Nərminin qətlində ittiham edilən İlkin məhkəmədə nə deyib?


İlkin Süleymanov məhkəməyə gətirilərkən
İlkin Süleymanov məhkəməyə gətirilərkən

İyunun 3-də Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmini oğurlayıb öldürməkdə ittiham edilən İlkin Süleymanovun işgəncəyə məruz qalmasıyla bağlı şikayət təmin edilməyib.

İlkin Süleymanovun saxlanması xəbəri yanvarın 6-da yayılsa da, iş materiallarında onun yanvarın 10-da tutulduğu göstərilib.

İlkin Süleymanov deyir ki, bu 4 gün ərzində Tovuz rayon Polis Şöbəsində cinayəti üzərinə götürməsi üçün işgəncələrə məruz qalıb. İşgəncələrə dözməyib buna razılıq verəndən sonra isə onun tutulması rəsmiləşdirilib.

İlkin Süleymanovun vəkilləri onun 4 gün polis şöbəsində qanunsuz saxlanması və işgəncəyə məruz qalması barədə söylədiklərilə əlaqədar Baş Prokurorluğa şikayət edib, buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Amma Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubov belə nəticəyə gəlib ki, şikayət əsassızdır, ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar imzalayıb.

Müdafiəçilər həmin qərarın ləğvi üçün məhkəməyə müraciət etmişdilər. İyunun 3-də Səbail rayon Məhkəməsində sözügedən şikayətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özünü də gətiriblər.

Vəkil Əlibaba Rzayevin AzadlıqRadiosu-na bildirdiyinə görə, İlkin Süleymanov yanvarın 6-dan 10-na qədər baş verənləri məhkəmədə ətraflı danışıb. Müdafiəçilər də onun həmin müddətdə polis şöbəsində saxlandığını təsdiqləyən başqa sübutları məhkəməyə təqdim ediblər.

Vəsatətlər təmin olunmayıb

İlkin Süleymanov haqqında həbs qərarından verilən şikayətə yanvarın 23-də Sabunçu rayon Məhkəməsində baxılanda da o, işgəncələr nəticəsində etiraf ifadəsini imzaladığını bildirib, üzərindəki xəsarət izlərini də proses iştirakçılarına göstərmişdi.

Bugünkü prosesdə vəkillər vəsatət qaldırıb ki, Sabunçu Rayon Məhkəməsindən həmin məhkəmə iclasının görüntüləri alınsın. Çünki həmin vaxt xəsarət izləri aşkar görünürdü. Amma vəkillərin bu vəsatəti təmin olunmayıb.

Müdafiə tərəfinin başqa bir vəsatəti isə kənd sakinlərindən bir neçəsinin dindirilməsi haqda olub. Əlibaba Rzayevin sözlərinə görə, İlkin Süleymanovun yanvarın 6-da saxlandığını bütün kənd bilib, amma istintaq materiallarında onun yanvarın 10-da tutulduğunu göstəriblər. Lakin məhkəmə şahidlərin dindirilməsini də məqsədəuyğun saymayıb.

Ümumiyyətlə, Səbail rayon Məhkəməsi Rüstəm Usubovun qərarının ləğvi üçün verilmiş şikayəti təmin etməyib. Vəkil Əlibaba Rzayev deyir ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər:

“İlkinin yanvarın 6-da saxlanması faktdır, bunu bütün media orqanları yazıb. Qanun deyir ki, şəxsi 48 saatdan artıq şübhəli şəxs kimi saxlamaq olmaz. Bu müddətdə ya məhkəmə qarşısına çıxarılıb, həbs-qətimkan tədbiri seçilməlidir, ya da azadlığa buraxılmalıdır. İlkini isə 4 sutka saxlayıblar. Qərarda yazılıb ki, guya bizim şikayətimiz təsdiqini tapmayıb. Əslində isə heç bir araşdırma aparılmayıblar. Tovuz rayon Polis Şöbəsinin bir neçə əməkdaşının izahatı alınıb, onlar da inkar ediblər. Təbii ki, inkar edəcəklər, deməyəcəklər ki, bunu eləmişik...”

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova AzadlıqRadiosu-na bildirib ki, qardaşı yanvarın 6-dan həbsdə olsa da, onunla ilk dəfə təxminən bir ay əvvəl telefonla danışa biliblər. O da Ombudsman aparatının müdaxiləsindən sonra mümkün olub.

İlkin Süleymanovanın sözlərinə görə, qardaşı onlara deyib ki, polis şöbəsində işgəncələrə məruz qalmaqdan əlavə, həm də ailə üzvlərilə hədələnib. Ona görə törətmədiyi cinayəti üzərinə götürməyə məcbur olub.

İşgəncə iddiaları və prokurorluğun açıqlaması

“Dörd gün ərzində elə ağır işgəncələr veriblər ki... Dörd gün yatmağa imkan vermədən, başına vedrə keçirib, dubinka ilə var gücləriylə vurublar. O zərbələr, səs nəticəsində ona həm fiziki, həm də psixi təzyiq göstəriblər. Bədəninə elektrik cərəyanı qoşublar. Əllərini bağlayıb gəzməyə məcbur ediblər, yeriyəndə də vurub yıxıb, sonra yerdə döyüblər. Dilimizə gətirə bilmədiyimiz işgəncələr veriblər. Yaşlı valideynləriylə, bacısıyla təhdid eləyiblər. Bunlar bizə xalq olaraq yaraşan hərəkət deyil”, - bunu isə əmisi oğlu Tariyel Süleymanov deyir.

Yaxınları vurğulayırlar ki, bu üsulla da 10 yaşlı uşağın qətlinin üstünün açılması görüntüsünü yaradıb, həm prezidenti, həm də ictimaiyyəti aldadıblar.

Prokurorluq isə İlkin Süleymanovun işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edir. Hələ yanvarın 23-də məhkəmədə İlkin Süleymanov işgəncəyə məruz qaldığını deyəndən sonra Baş Prokurorluq bu haqda rəsmi açıqlama yaymışdı.

“İlkin Süleymanova istintaq zamanı guya işgəncə verməklə etirafedici ifadə verməyə məcbur edilməsi barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir. İlkin Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib”, – prokurorluğun açıqlamasında göstərilib.

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG