Rusiya ikinci potensial COVID-19 vaksininin ilkin sınaqlarını sentyabrın 30-da tamamlayacaq. Bu vaksini Vektor İnstitutu hazırlayır. Xəbəri sentyabrın 7-də “RIA” xəbər agentliyi yayıb.
Bu arada rusiyalı alimlər Sputnik-V koronavirus vaksininin ilkin sınaqlarının nəticələrini dərc edib. Hökumət vaksini avqustda qeydiyyatdan keçirmişdi.
Sentyabrın 4-də Britaniyanın “The Lancet” tibb dərgisinin dərc etdiyi araşdırmaya görə, ilkin testlərə cəlb olunmuş pasiyentlərdə “ciddi mənfi təsirləri” olmayan anticismlər yaranıb.
20-30 yaşlı iştirakçılar
Rusiya vaksinin avqustun 11-də daxili istifadə üçün təsdiqləyib. Bu işi görən ilk ölkə olduğunu bəyan etsə də, öncədən heç bir informasiya dərc olunmayıb. Prezident Vladimir Putin onda demişdi ki, vaksin “davamlı immunitet” yaradıb və hətta qızlarından birinə də həmin peyvənddən vurulub.
Ancaq bu açıqlamalar alimləri narahat edib, Rusiyanın təhlükəsizlik datası açıqlamadan vaksin əldə etməyə çalışdığını düşünüblər.
“Lancet”də dərc olunmuş araşdırmada rusiyalı tədqiqatçılar yazırlar ki, iyun və iyulda 18-60 yaşlı 38 yetkin yaşlı sağlam adam üzərində iki sınaq aparılıb.
Hər bir iştirakçıya ilkin doza, 21 gün sonra buster doza vurulub. Onlar üzərində 42 gün müşahidə aparılıb, ilk üç həftə ərzində bədənlərində anticismlər yaranıb. Məlumatda deyilir ki, iştirakçılar üzərində 180 günədək müşahidə aparılacaq.
Araşdırmanın zəif tərəfi odur ki, iştirakçılar əsasən 20-30 yaşlarında olublar, baxmayaraq ki, koronavirus sağlıq problemləri olan və daha yaşlı əhali təbəqəsi üçün xüsusilə təhlükəli sayılır.
Ancaq rusiyalı alimlər böyük uğur qazandıqlarını deyir, sınaqları genişləndirmək planlarını anons edirlər.
40 min könüllü
Vaksini Müdafiə Nazirliyi ilə birlikdə hazırlamış Gamaleya İnstitutunun direktoru Aleksandr Qintsburq jurnalistlərə deyib ki, vaksin “yetərli” immun reaksiyası yaradıb.
3-cü faza klinik sınaqlara “müxtəlif yaş və risk qruplarından” 40 min könüllü qatılacaq.
“The Lancet”ə müsahibəsində Cons Hopkins Blumberq İctimai Səhiyyə Məktəbindən Naor Bar-Zeev deyib ki, tədqiqat “həvəsləndiricidir, amma kiçikdir”.
“COVID-19 vaksinləri üçün təhlükəsizlik, ona inamın genişliyi üçün vacibdir”, – o yazıb.
Dünya Səhiyyə Təşkilatı (DST) ölkələrə xəbərdarlıq edib ki, vaksin hazırlanmasında təhlükəsizliyi tələskənliyə qurban verməsinlər. Qurum təhlükəsizliyi və effekti sübut olunmamış vaksini təsdiqləməyəcəyini bildirib.
Hazırda dünyada 176 potensial vaksin hazırlanır, 34-ü insanlar üzərində sınaqdan keçirilir. Bunlardan səkkizi 3-cü klinik sınaq mərhələsindədir, yəni onminlərlə insan üzərində sınağı aparılır.
Rusiya sentyabrda Sputnik V-nin sənaye istehsalına başlayacağını demişdi.