Hazırda həbsdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bu gün, sentyabrın 7-də ailəsi ilə telefonla danışıb. Bu barədə AzadlıqRadiosuna onun qızı Nigar Həzi məlumat verib.
N.Həzinin vurğulamasına görə, atası ona bunları deyib: "Bunları dedi: "Həbsxana şəraitində aclıq ağır gedir. Çox zəifləmişəm. Görənlər rəngimin çox avazıdığını və gözümün çuxura düşdüyünü deyirlər. Mehman üçün aclıq edəndə aksiyanın 10-cu günü özümü necə hiss edirdimsə, indi özümü elə hiss edirəm". (bloqer Mehman Hüseynov 2017-ci ilin martında Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin böhtanla bağlı şikayəti əsasında 2 il həbs cəzası almışdı. Həbsdə ona əlavə ittiham verildiyi açıqlanan zaman onun müdafiəsi ilə bağlı aclıq aksiyası keçirilmişdi. Sonradan əlavə ittiham götürüldü-red.)
Qızının bildirməsinə görə, T.Yaqublu vurğulayıb ki, ancaq iradəsi möhkəmdir, bəraət alana kimi aclıq aksiyasını davam etdirmək niyyətindədir.
N.Həzinin qeyd etməsinə görə, T.Yaqublu deyib ki, onun bu addımı həm də xalq qarşısında kiçik bir xidmət olacaq. Qızının vurğulamasına görə, o, həm də axıra qədər mübarizə aparmaqla ondan sonra heç kimin daha Azərbaycanda şərlənməyəcəyinə ümid edir.
N.Həzinin sözlərinə görə, atası sonda da deyib ki, onu məcburi qidalandıra bilməzlər, bu işin zarafatı yoxdur.
Bu məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ombudsman aclıq edən Tofiq Yaqubluya baş çəkib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına baş çəkib.
Bu barədə bu gün, sentyabrın 7-də Ombudsman Aparatı məlumat yayıb.
Açıqlamada yazılıb ki, başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb: "Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub. Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib".
Məlumata görə, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə tövsiyələr verilib.
"Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq", - qurumdan qeyd edilib.
Müsavatda T.Yaqublu ilə bağlı toplantı olub
Sentyabrın 7-də Müsavat Partiyasının qərargahında Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib.
Komitənin sədri, Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli AzadlıqRadiosuna bildirib ki, iclasda İşçi qrup yaradılıb: ""Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov, Siyasi Məhbus Ailələri üzrə koordinator Zəfər Əhmədov, Repressiyalar Əleyhinə Komitənin üzvü Arzu Abdulla İşçi qrupa daxil oldular. Eyni zamanda, Müsavat Partiyasından da İşçi qrupa daxil edilənlər var".
F.Kərimli əlavə edib ki, T.Yaqubluya dəstək üçün aclıq edənlər sentyabrın 7-dən aksiyanı Müsavat Partiyasının qərargahında davam etdirirlər: "Hazırda aclıq aksiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elnur Həsənov və Müsavat Partiyasından Elman Quliyev iştirak edirlər".
Hələlik, bu açıqlamaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
T.Yaqubluya dəstək aksiyasının keçirildiyi bildirilir
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun müdafiəsi ilə bağlı aclıq aksiyasının keçirildiyi deyilir.
Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi məlumat verib: "AXCP-nin üç üzvü artıq beş gündür ki, aclıq aksiyası keçirir. Bunlar Ayət İsmayıl, Tofiq Məmmədov və Elnur Həsənovdur. Onlar T.Yaqublu ilə həmrəylik nümayiş etdirərək aclıq aksiyasına başlayıblar və hələ də aksiyanı davam etdirirlər".
S.Həzinin vurğulamasına görə, aksiyaya qoşulmaq üçün müraciət edənlər var, amma yer problemi ilə bağlı onların istəklərini gerçəkləşdirmək mümkün olmayıb. Müxalifətçi əlavə edib ki, həmin üç cəbhəçi də aksiyanı, hələlik, evlərində keçirirlər.
Onun deməsinə görə, T.Yaqublunun özü də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.