Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:43

Dünya Səhiyyə Təşkilatını təftiş edəcək komissiya yaradılıb


Ellen Johnson Sirleaf
Ellen Johnson Sirleaf

Dünya Səhiyyə Təşkilatının (DST) COVID-19 pandemiyası ilə mübarizəyə dair sənədlərini yoxlayacaq müstəqil komissiyanın tərtib olunduğu xəbər verilib.

Keçmiş Liberiya prezidenti Ellen Johnson Sirleaf-lə birlikdə bu komissiyaya rəhbərlik edəcək Yeni Zelandiyanın keçmiş baş naziri Helen Clark deyib ki, DST özünün bütün daxili sənədlərinə açıq çıxış verib.

Bu komissiya DST-nin pandemiya dövründə fəaliyyətini, onun beynəlxalq tövsiyələrinin effektivliyini nəzərdən keçirəcək.

Xanım Johnson Sirleaf və Clark-ın rəhbərlik etdiyi komissiyaya 11 üzv daxil olacaq.

DST-nin pandemiya ilə bağlı fəaliyyətinə dair yoxlamanın aparılmasına təşkilata üzv olan bir çox ölkələr çağırmışdılar.

Birləşmiş Ştatlar DST-nin, xüsusilə də koronavirus pandemiyasının başlanğıcındakı fəaliyyətini tənqid edirdi.

“Pandemiyanın dərsləri”

Komissiya habelə DST və dünya hökumətlərinin pandemiya ilə mübarizədə fəaliyyətlərini necə koordinasiya etdiklərini və bunun nə dərəcədə effektli olduğunu araşdıracaq.

Xanım Clark deyib ki, komissiyanın yaradılmasından əsas məqsədlərdən biri də “pandemiya dərslərinin” öyrənilməsidir.

Qlobal miqyasda COVID-19 virusuna 26 milyon insan yoluxub. Bu xəstəlikdən indiyədək 863 min nəfər vəfat edib.

Sözü gedən komissiyaya habelə doktor Joanne Liu daxil olacaq. O Sərhədsiz Həkimlər təşkilatının başçısı kimi 2014-16-cı illərdə baş vermiş Ebola epidemiyası vaxtı DST-nin ən kəskin tənqidçilərindən biri olmuşdu.

Komissiyaya koronavirusun insandan insana keçməsini ilk dəfə bəyan etmiş doktor Zhong Nanshan,Britaniyanın keçmiş xarici işlər naziri David Miliband də daxil ediliblər.

Johnson Sirleaf deyib ki, bu, “çətin suallar verməyə hazır olan güclü komissiyadır”.

Komissiya keçid hesabatını bu ilin noyabrında, yekun hesabatını isə gələn ilin mayında verəcək.

ABŞ DST ilə münasibətlərini minimuma endirəcək

ABŞ DST-ni habelə koronavirusun yayılması zamanı Çinin fəaliyyətinə tənqidi yanaşmamaqda ittiham edirdi.

Vaşinqton bildirirdi ki, koronavirus pandemiyasının başlanğıcında

tutduğu mövqe fəlakətin geniş miqyas almasında əsas rol oynayıb.

Yeni növ koronavirusun yayılması Çinin Vuhan şəhərindən başlanmışdı.

DST-nin baş direktoru Tedros Adhanom Ghebreysus onun rəhbərlik etdiyi qurumun Çinə tərəfkeşlik etdiyinə dair ittihamları rədd etmişdi.

ABŞ Dövlət Departamenti sentyabrın 3-də bildirib ki, Birləşmiş Ştatların DST-dən çıxmaq qərarı 2021-ci il iyulun 6-da qüvvəyə minəcək.

Bu da bildirilir ki, ABŞ-ın DST-yə ödəməli olduğu vəsaitin qalan hissəsi qismən BMT-nin başqa fəaliyyətlərinə yönəldiləcək.

Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ DST-yə maliyyə dəstəyini müəyyən gözləntilərlə verirdi və bu gözləntilər doğrulmayıb.

Vaşinqton bildirir ki, DST son onilliklərdə təkcə COVID-19 pandemiyası deyil, başqa səhiyyə böhranlarına da yarıtmaz reaksiya verib və təşkilat daxilində mühüm islahatları həyata keçirməyib.

Bu da xəbər verilir ki, 2021-ci ilin iyulunadək ABŞ DST-dəki fəaliyyətini minimuma endirəcək.

XS
SM
MD
LG