Qlobal koronavirus pandemiyası siyasiləşdirmə ilə kəskinləşdirilib. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru bu gün – iyunun 22-də deyib.
Tedros Adhanom Ghebreyesus Dubaydakı Dünya Hökuməti Sammitinin təşkil etdiyi virtual səhiyyə forumunda çıxış edib.
DST rəhbəri koronavirus pandemiyasının qlobal miqyasda sürətləndiyini də sözlərinə əlavə edib. Onun bildirməsinə görə, son 1 milyon yeni yoluxma cəmi səkkiz gün ərzində qeydə alınıb.
Parçalanmış dünya...
“Siyasiləşdirmə” məsələsinə gəlincə, “The Associated Press” yazır ki, DST rəhbəri ABŞ Prezidenti Donald Trump-ın DST və Çinin pandemiyaya reaksiyasını tənqid etməsini nəzərdə tutub.
“Hazırda üzləşdiyimiz ən böyük təhdid virusun özü deyil, qlobal həmrəylik və liderliyin olmamasıdır. Parçalanmış dünyada pandemiyanı məğlub edə bilmərik”, – Ghebreyesus deyib.
Bu arada Cənubi Koreyanın paytaxtının meri ölkənin virusun yenidən baş qaldırmasına nəzarəti itirməsilə bağlı narahatlığını bildirib.
“Virus Seulu bürüyərsə, Koreya Respublikasını bütünlükdə bürüyər”, – Park Won-soon bazar ertəsi deyib. O, üç gün ərzinə gündəlik yoluxmalar 30-dan düşməzsə, Seulda daha güclü sosial məsafə qaydalarının tətbiq olunacağını bildirib.
Mer vətəndaşların sosial məsafə qaydasına əməl etməməsindən gileylənib, ictimai nəqliyyatdan istifadənin artdığını, son həftələr ötənilki səviyyəyə çatdığını vurğulayıb.
Martın əvvəlində Cənubi Koreyada günə ortalama 500 yoluxma qeydə alınırdı, ancaq ölkə intensiv testlər və yoluxanların kontaktlarını izləməklə pandemiyanı nəzarətə ala bildi.
Ehtiyat “ordu” yaradılır
Avropalılar koronavirus qadağalarının yumşaldılmasına sevindiyi bir dönəmdə xəstəxanalar yoluxmaların yeni dalğasına hazırlaşırlar.
“Reuters” bəzi reanimasiya şöbələrinin daimi işçilər cəlb etməyə çalışdığını yazır. Digərləri isə tibb peşəkarlarından ibarət ehtiyat “ordusu” formalaşdırmaq istəyir.
“Bizə tibbi xidmət ordusu lazımdır”, – Avropa İntensiv Terapiya Təbabətinin prezidenti seçilmiş Maurizio Cecconi deyib. Bu qurum dünya üzrə çox ağır xəstələrlə işləyən tibb işçilərini özündə birləşdirir.
Məsələn, İtaliya reanimasiya sahəsində çalışan əməkdaşların sayını 50 faiz artıra bilər. Bunu İtaliyanın SIAARTI intensiv müalicə cəmiyyəti bildirib.
Agentlik Avropada bir sıra xəstəxanaların cərrahlara, kardioloqlara, terapevtlərə, digər şöbələrdən tibb bacılarına yenidən təlim keçdiyini, onları lazım gələndə reanimasiya şöbələrinə transfer etdiyini yazır.