Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

ABŞ-da evdən məcburi çıxarılmalara moratorium qoyulur


Arxiv fotosu
Arxiv fotosu

Trump administrasiyası ilin sonunadək evdən məcburi çıxarılmalara moratorium qoyub. Ölkədə koronavirus pandemiyasının işsiz qoyduğu milyonlarla insan evsiz qalmaq təhlükəsilə üzləşib.

Müvəqqəti sərəncamı ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri sentyabrın 1-də verib.

Dekabrın 31-dək qüvvədə olacaq sərəncam ildə 99 min dollardan çox qazanmayan kirənişinlərə aiddir.

İyulda işsizliyə görə federal ödənişlərin verilməsi, evdən çıxarılmalara federal qadağanın vaxtı bitib.

20 milyon kirənişin

Ticarət naziri Steven Mnuchin Nümayəndələr Palatasında deyib ki, məqsəd adamların koronavirus pandemiyası nəticəsində “kirayə evlərindən çıxarılmasını önləməkdir”.

Yaz-yay aylarında ölkədə işsizlik artdığından federal, ştat və yerli səviyyədə kirayə pulunu ödəyə bilməyənlərin evlərdən çıxarılmasına qadağalar qoyulmuşdu.

Aspen İnstitutu beyin mərkəzinin son hesabatına görə, 20 milyon kirənişin COVID-19-dan dolayı işini itirib. Qurum belə bir qənaətə gəlib ki, milyonlarla insan evdən çıxarılma təhlükəsi ilə üz-üzədir.

Prezident Donald Trump avqustun əvvəlində uyğun sərəncam vermişdi. Sərəncamda federal səhiyyə rəsmilərinə evdən çıxarılmalara müvəqqəti qadağa qoymaqla bağlı addımları nəzərdən keçirmək tapşırılmışdı.

Demokratlarla Ağ ev razılığa gələ bilmirlər

Bu arada demokratlarla respublikaçıların idarə etdiyi Ağ ev gələcək iqtisadi paketdə 1 trilyon dollardan çox vəsaiti razılaşdıra bilmirlər. Federal işsizlik müavinətlərinin artırılması, ştat və yerli hökumətlərə, məktəblərə əlavə pul ayrılması, koronavirus testləri və yoluxanların izlənməsi ilə bağlı fikir ayrılıqları var.

Sentyabrın 1-də Mnuchin-lə danışıqlardan sonra Nümayəndələr Palatasının Spikeri Nancy Pelosi bəyanatında deyib ki, demokratlar və Ağ ev arasında “Amerikada işləyən ailələrin üzləşdiyi vəziyyətin ağırlığını anlamaq məsələsində ciddi fikir ayrılıqları qalır”.

İndiyədək ABŞ-da yeni koronavirusdan 184 mindən çox insan vəfat edib, 6 milyondan çox yoluxan olub. Bir çox ştatlarda yeni yoluxmalarda, ölüm hallarında düşüş yaşanır. Iyulda günə 70 minədək yeni yoluxma qeydə alınırdı. İndi isə ölkə üzrə beş günlük orta yoluxma sayı 40 min civarındadır.

Hindistanda isə günə 75 mindən çox yoluxma qeydə alınır. Ölkədə yoluxma sayı 3,7 milyona çatır, ABŞ və Braziliyadan sonra üçüncü yerdədir. Real rəqəmlərin isə daha yüksək olduğu düşünülür.

Braziliyada təsdiqlənmiş yoluxma sayı 4 milyona yaxınlaşır, 122 mindən çox ölüm qeydə alınıb.

Rusiyada təsdiqlənmiş yoluxmalar 1 milyonu keçib və ölkə bu göstərici üzrə dünya dördüncüsü olub.

Dünya üzrə təsdiqlənmiş yoluxmalar 25,6 milyondan çoxdur, azı 855 min nəfər virusdan ölüb.

XS
SM
MD
LG