Birləşmiş Ştatlarda koronovirusa yoluxmaların sayı 6 milyonu keçib.
Bu bütün dünyada ən böyük yoluxma rəqəmidir.
Beləliklə avqustun 31-də ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 2 min 615 nəfər olub.
Ölkədə COVID-19-dan ölənlərin sayı 183 min 203 nəfərdir.
Rəsmilər bir sıra tələbə şəhərciklərində partiləri yasaqlayır, barları bağlayırlar. Bu arada bir çox böyük təhsil ocaqları dərsləri onlayn keçsələr də, bəzilərində tələbələr kollec həyatını yaşamaq üçün şəhərciklərə qayıdırlar.
Ölkə üzrə yoluxma, ölüm, xəstəxanaya yerləşdirmələr və testlərin müsbət nəticələrinin azalmasına baxmayaraq, rəsmilər tələbələr arasında yoluxma sayının artmasından narahatdırlar. Xüsusilə ölkənin orta-qərb hissəsində kollec şəhərciklərində yoluxma ocaqları aşkarlanır.
Həftəsonu dünyada yeni koronavirusa yoluxanların sayı 25 milyonu keçib. Bir sıra ölkələr son həftələr virusu önləyəcək qadağaları bərpa edirlər.
Vaksin daha tez təsdiqlənə bilər
Vaksin hazırlama işi də tam sürətilə gedir. ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının (FDA) başçısı Stephen Hahn belə bir ehtimal səsləndirib ki, vaksinlərdən biri təhlükəsizliyi və effektivliyinə zəmanət verən sınaqlar bitməmiş fövqəladə şəkildə təsdiqlənə bilər.
Hahn onu da deyib ki, Prezident Donald Trump ona təzyiq göstərmir. Trump 3 noyabr prezident seçkisinə qədər vaksinlərdən birinin hazır ola biləcəyini deyib.
“Bu, elmi, tibbi və data qərarı olacaq. Siyasi qərar olmayacaq”, – Hahn vurğulayıb.
Pandemiyanı sürətlə nəzarətə almış ölkələrdə belə virus yenidən baş qaldırıb. Yeni Zelandiya, Avstraliya və Cənubi Koreya yeni klastrlarla mübarizə aparır.
Avqustun 31-dən Yeni Zelandiyada ictimai nəqliyyat və uçuşlarda maskalar məcburi elan olunub. Ölkədə yeni klastr qeydə alınanadək 100 gündən artıq bir müddət ərzində yerli səviyyədə yoluxma baş verməmişdi.
Avqustun 31-də Avstraliyada pandemiyadan ən çox ölən təsdiqlənib. Son 24 saat ərzində Viktoriya əyalətində 41 ölüm, 73 yeni yoluxmanın baş verdiyi açıqlanıb.
Latın Amerikasında gündəlik yoluxmalarda böyük göstəricilər qeydə alınıb. Avqustun 30-da Braziliyada ölü sayı 120 mini, Meksikada 64 mini keçib.
Dünyada COVID-19-dan 845 mindən çox insan vəfat edib.
Bir sıra ölkələrdə əhali koronavirus qadağalarına etiraz edir. Həftəsonu Berlində, Londonda və Sürixdə oxşar etirazlar keçirilib.