Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 12:55

Keçmiş işçilərindən SOCAR-a ittiham: 'Pulumuzu mənimsəyib'


İş axtaran neftçi: 'SOCAR-ın qapısından içəri buraxmırlar'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

İş axtaran neftçi: 'SOCAR-ın qapısından içəri buraxmırlar' (Video arxiv)

Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş işçiləri deyir ki, onları aldadıb, maaşlarının bir hissəsini mənimsəyiblər. İki ildir ki, onlara çatası vəsaiti geri almaq üçün hüquqi müstəvidə mübarizəyə başlayıblar.

Şikayətçi Lyubov Aristova və digərləri vaxtilə Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində çalışıblar. Onların dediyinə görə, bir neçə il əvvəl rəhbərlik bildirib ki, Dövlət Neft Şirkətinin tabeliyindəki idarələrdə struktur təkmilləşməsi aparılır, bəzi idarələr ləğv olunacaq. Əgər idarələrin ləğvini gözləməyib, könüllü şəkildə işdən çıxma ərizəsi yazsalar, orta aylıq əməkhaqqının beş misli məbləğində müavinət ödəniləcək, bir sıra imtiyazları da qalacaq. Onlar da razılaşıb, əmək müqavilələrinə xitam verilməsi barədə ərizə yazıblar. Qarşı tərəf də vədinə əməl edib, əmək müqaviləsi ləğv olunan işçilərə maaşlarının beş misli qədər müavinət ödənilib.

"Üstündən xeyli vaxt keçəndən sonra bilmişik ki, bizə ödənilən müavinətdən gəlir vergisi tutulmamalıydı. Amma qanunsuzluq edib tutublar, nəticədə nə qədər pulumuzu mənimsəyiblər. Ona görə bunu öyrənəndən sonra toplaşıb "Azneft" rəhbərliyinə müraciət etdik ki, bizə çatası pulu qaytarsınlar. Müxtəlif bəhanələrlə qaytarmaqdan imtina elədilər. Bu üzdən məcbur olub məhkəməyə üz tutduq", – şikayətçilər iddia ərizəsində belə yazıb.

Ali Məhkəmə də şikayəti təmin edib

İki il də məhkəmələrə gedib-gəlməli olublar. Çünki Səbail Rayon Məhkəməsi vətəndaşların xeyrinə qərar çıxarıb, Dövlət Neft Şirkətinin üzərinə vaxtilə onlardan gəlir vergisi kimi tutulmuş pulların geri qaytarılması öhdəliyini qoysa da, qarşı tərəf bundan narazı qalıb. "Azneft" İstehsalat Birliyi qərardan apellyasiya şikayəti verib, amma nəticə dəyişməyib. Bu il iyulun 18-də Ali Məhkəmə bu mübahisəyə baxaraq yekun qərarı çıxarıb. Ali Məhkəmənin də qərarında göstərilib ki, "Azneft" işçilərinə münasibətdə qanunu pozub. Çünki Vergi Məcəlləsinə əsasən, işdən çıxarılmaya görə ödənilən müavinətdən gəlir vergisi tutulmur.

Həmçinin, məhkəmələr öz qərarlarında bunu da vurğulayıb ki, formal olaraq, həmin şəxslər öz ərizələri ilə işdən çıxsalar da, əslində, onlarla əmək müqaviləsinə işçilərin sayının azaldılmasına görə xitam verilib. Məhkəmələr həm işçilərin dediklərini, həm də onlar işdən çıxarılmamışdan cəmi bir ay əvvəl Dövlət Neft Şirkətində imzalanan əmri əsas götürərək bu nəticəyə gəlib. Məhz sözügedən əmrdə öz ərizəsi ilə işdən çıxanlara əməkhaqqının beş mislinin ödənilməsi məsələsi öz əksini tapıb.

"Azneft" İB isə məhkəmələrin qərarından narazıdır. Bu qurumun nümayəndəsi məhkəmədə də bildirib ki, şikayətçilər iddia qaldırmaq üçün müddəti çoxdan ötürüblər. Həm də bəzi işçilərdən səhvən gəlir vergisi tutulsa da, bu hal ortaya çıxandan sonra vəsait ödənilib.

Şikayətçilərdən birinin AzadlıqRadiosuna bildirdiyinə görə, ümumilikdə 35 nəfər məhkəmədə iddia qaldırıb. Onlardan gəlir vergisi kimi tutulmuş məbləğ isə əməkhaqqından asılı olaraq, 300-2000 manat arasındadır.

XS
SM
MD
LG