Beynəlxalq media qurumları, Ukrayna hökuməti, ABŞ senatoru Ukraynanın şərqində jurnalistin 15 il həbs cəzasına məhkum edilməsini “qanunsuz” və “qəbuledilməz” adlandırıb.
Separatçıların DAN xəbər agentliyi oktyabrın 22-də xəbər yayıb ki, AzadAvropa/AzadlıqRadiosu ilə əməkdaşlı edən jurnalist Stanislav Aseyev casusluq, ekstremizm, ərazi bütövlüyünü pozmağa açıq çağırışlarda təqsirli bilinərək 15 il həbsə məhkum edilib. Qərarı Rusiyanın dəstəklədiyi separatçıların əlində olan Donetsk şəhərində məhkəmə çıxarıb.
Stanislav Vasin təxəllüsü ilə yazan 30 yaşlı jurnalist 2017-ci ilin iyununda Donetskdə itkin düşüb və ovaxtdan separatçıların əlində idi.
“Onun tamamilə qanunsuz olaraq məhkum edilməsindən sarsılmışam”, – ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Harlem Desir bəyanatında deyir və Aseyev-i “dərhal buraxmağa” çağırır.
AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Jamie Fly da bu hökmü pisləyib, həm Aseyev-in, həm də radionun Ukrayna xidməti ilə əməkdaşlıq etmiş Oleh Halaziuk-un buraxılmasına çağırıb. Halaziuk 2017-ci ilin avqustundan Donetskdə separatçılar tərəfindən saxlanıb.
ATƏT təmsilçisi deyir ki, iki jurnalist Donetksdə hökumətin nəzarətində olmayan ərazidə işləyən azsaylı müstəqil jurnalistlərdəndir.
“Müstəqil jurnalistlərin susdurulması ifadə azadlığına qarşı cinayətdir və qəbuledilməzdir”, – Desir vurğulayıb.
Aseyev Donetsk şəhəri 2014-cü ildə separatçıların əlinə keçəndən sonra orada işini davam etdirib.
Separatçılar onu yarımhərbi birləşmələrin yerləşdiyi əraziləri müşahidə etməkdə, Ukraynanın SBU Təhlükəsizlik Xidmətinə informasiya ötürməkdə ittiham ediblər. Bu haqda Hromadske media orqanı yazıb.
“Qondarma məhkəmə qanunsuzdur”
Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Aseyev-i mühakimə edərək təqsirli bilmiş “qondarma məhkəmənin qanunsuz olduğunu” bildirib.
Aseyev “nə casus, nə də ekstremistdir”, separatçıların nəzarətində olan regionda “adi adamların həyatını işıqlandıran jurnalistdir”, – qurumun Avropa və Orta Asiya proqramının koordinatoru Gulnoza Said deyib.
Avropa Jurnalistlər Federasiyası jurnalistə qarşı çıxarılmış hökmü “media azadlığının kobud şəkildə pozulması” adlandırıb.
Ukraynanın Xarici İşlər Nazirliyi “qanunsuz” hökmü pisləyib, “Ukraynada qanunsuz həbsin cinayət sayıldığını” bildirib.
“Aseyev-in saxlanmasında iştirakı olanların hamısı Ukrayna Cinayət Məcəlləsinə uyğun mühakimə olunacaq”, – bəyanatda vurğulanır.
ABŞ-da respublikaçı senator Marco Rubio isə tvitində Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyəti “jurnalistləri hədəfə aldığına görə Putin rejimini pisləməyə və Aseyev-in dərhal buraxılmasını tələb etməyə” çağırıb.