Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 15:20

'Pilotun gec tapılması avadanlığın olmamasına görədir'


Pilotun nəşinin tapıldığı deyilir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Pilotun nəşinin tapıldığı deyilir

Azərbaycan Hərbi Hava Qüvvələrinin ötən ay, iyulun 24-də təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış MİQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin nəşinin az qala bir ay sonra tapılmasından bəzi ekspertlər nəticə çıxarmağı vacib sayırlar.

«Axtarışların yalnız 28-ci günündə nəticə verməsi ondan xəbər verir ki, Azərbaycan belə hadisələr üçün nəzərdə tutulmuş yeni avadanlıq almalıdır».

Bunu AzadlıqRadiosuna ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycanda dənizə düşmüş təyyarəni axtarması üçün avadanlıq, ümumiyyətlə, yoxdur: «Biz hələ sevinməliyik ki, R.Atakişiyevin cəsədi, ümumiyyətlə, tapıldı, 2008-ci ildəki kimi olmadı. O vaxt hərbi hissənin rəisinin nə ölüsünü, nə dirisini tapa bildilər. Əslində axtarışların ilk günündə pilotun bir ayağı tapılmışdı, sonrakı axtarışlar isə nəticə verməmişdi».

«Yenə də Türkiyə sağ olsun ki,...»

Ü.Cəfərovun vurğulamasına görə, güc strukturlarının pilotun gec tapılmasında heç bir məsuliyyəti yoxdur:

Ü.Cəfərov
Ü.Cəfərov

«Yenə də Türkiyə sağ olsun ki, öz avadanlığı və mütəxəssislərini göndərdi, biz müəyyən nəticəyə nail olmuşuq. Müdafiə Nazirliyin yeganə günahı odur ki, lazımi avadanlığın alınması barədə məsələ qaldırmayıb».

Ekspert qeyd edib ki, araşdırma komissiyanın rəyi olmayana qədər hadisənin səbəbləri və gedişatı barədə fikir söyləmək çətindir. Lakin onun fikrincə, qəza keçirən təyyarə havada partlamayıb və vurulmayıb: «Mən sudan çıxarılmış qalıqlarına baxdım. Fikrimcə, təyyarə hündürlükdən suya çırpılandan sonra parçalanıb. Detalların deformasiyaya uğraması ondan xəbər verir. Hazırda versiya var ki, pilot katapultdan istifadə edə bilməyib. Mən o versiya ilə razı deyiləm. Lakin, əgər bu, belədirsə və təcrübəli pilot katapultu işə salmayıbsa, deməli, təyyarədə problem olub».

«Onların istifadə etdiyi avadanlıqlarla...»

Ü.Cəfərov həmin problemi iyulun 18-də Rusiyanın Cənub Hərbi Dairəsinin Radioelektron Mübarizə Qoşunlarının təyyarənin qəzaya uğradığı ərazidə hərbi təlimləri ilə əlaqələndirir: «Onların istifadə etdiyi avadanlıqlarla 300-600 kilometr ərazidə təyyarə, vertolyot və digər elektron avadanlıqları olan qurğuları rahat şəkildə söndürmək olar. Bu qurğular vasitəsilə avadanlığın fəaliyyət funksiyaları pozmaq olar...».

Ekspertin bu fikirlərinə, hələlik, Azərbaycan Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

MiQ-29 təyyarəsinin 'qara qutusu' tapıldı
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Xatırlatma

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. Təyyarənin bəzi fraqmentləri ilkin olaraq avqustun 8-də tapılmışdı. Onun «qara qutu»sunun da dünən, avqustun 19-da tapılaraq dənizdən çıxarıldığı açıqlanıb. Bu gün, avqustun 20-də isə pilotun nəşi tapılaraq sudan çıxarılıb.

Polkovnik-leytenant R.Atakişiyev hərbi hissə komandirinin müavini idi. 34-yaşlı R.Atakişiyevin iki oğlan övladı var.

2008-ci il yanvarın 29-da da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi təlim uçuşu zamanı qəzaya düşmüşdü. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin ƏsgərovƏfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdə aşkarlansa da, F.Əsgərovun meyitini tapmaq mümkün olmayıb.

XS
SM
MD
LG