Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 07:21

Pablo Neruda ölüb, yoxsa öldürülüb?


Pablo Neruda
Pablo Neruda
-
Ötən həftəsonu Çili hakimi Mario Carroza şair Pablo Neruda-nın məzarını açmaqla bağlı qərar verib.

Xəbəri France-Presse yayıb.

Nobel mükafatçısı Pablo Neruda 1973-cü il sentyabrın 23-də – Çilidə silahlı çevrilişdən 12 gün sonra ölüb.

Həmin çevriliş hərbi xuntanın – Augusto Pinochet-in hakimiyyətə gəlməsi ilə nəticələnmişdi.

Rəsmi versiyaya görə, şair prostat vəzinin xərçəngindən ölüb.

Ancaq 2011-ci ilin iyununda Çili hökuməti şairin nədən öldüyünü araşdırmaq fikrinə düşüb.

Şairin dostu və şəxsi köməkçisi Manuel Araya məhkəməyə üz tutaraq istintaq təşəbbüsü qaldırıb.

Araya-nın fikrincə, 40 il öncə sentyabrın 22-də Santyaqodakı Müqəddəs Mariya xəstəxanasında Pinochet-in əmri ilə şairə ölümcül iynə vurulubmuş:

«Pinochet canidir. O, Neruda-nı ölkədən getməsin deyə, öldürdü. Pinochet onu intellektual rəqib sifətində görmək istəmirdi».

Şairin ölüm səbəbini araşdıran hakim Mario Carroza Pablo Neruda-nın xərçəngdən deyil, ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ondan sonra Çili Kommunist Partiyası 2011-ci ilin dekabrında Pablo Neruda-nın eksqumasiyası ilə bağlı məhkəməyə üz tutub.

Amma Pablo Neruda Fondu şairin eksqumasiyasının əleyhinə çıxış edir.

Fond bu fikirdədir ki, şairin ölüm səbəbi ölkədə baş verən çevrilişin doğurduğu stressin ağırlaşdırdığı xərçəng idi.

Mario Carroza iki il öncə keçmiş Çili prezidenti Salvador Allende-nin məzarının açılması qərarını çıxaran hakimdir.

Salvador Allende çevriliş vaxtı ölmüşdü. Rəsmi versiya onun özünə qəsd etdiyini bildirir, amma bəziləri onun güllələndiyini deyir.

Tibbi ekspertiza Allende-nin Kalaşnikov avtomatı ilə özünü vurduğunu sübut etdi.

Pablo Neruda-nın məzarının açılma tarixi barədə məlumat verilmir.
XS
SM
MD
LG