Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Yevlax dindarları deyirlər ki, onlara divan tutulur


İcra başçısı Yelmar Vəliyev
- Müraciət etdiyimiz yerlərin müdaxiləsindən sonra məsciddə qanunsuz tikinti dayandırıldı. O gündən bu günə qədər Yevlax şəhər İcra Hakimiyyətinin başçısının bizə təzyiqləri şiddətləndi və bu gün də davam edir.

- Bazarda balaca bir «polka»am var. Gəldilər, dedilər ibadət əhlinin siyahısı tutulub, yığışdır, sizə burda işləməyə icazə verilmir. Getdim girdim müdirin yanına ki, niyə olmaz, dedi «mənə xəbər göndəriblər ki, sizləri bazardan çıxarım». Mənim kimi qardaşlar Yevlaxda çoxdur.

«İCRA BAŞÇISI GÜNÜMÜZÜ GÖY ƏSKİYƏ BÜKÜB»

Yevlaxda yaşayan dini inanclılar şəhərin icra hakimiyyəti başçısından şikayət edirlər. Dindarlar deyirlər ki, icra başçısı Yelmar Vəliyevin dindarlara qarşı antipatiyası ötən il baş vermiş bir olayla bağlıdır. Onların sözlərinə görə, ötən il Yevlaxdakı «Cümə» məscidinə məxsus olan ərazidə qəflətən tikinti işləri başlayıb. Tikinti aparanlar dindarlara bildiriblər ki, məscidin həyəti onlara şəhərin icra hakimiyyətinin başçısı Yelmar Vəliyev tərəfindən satılıb. Dindarların paytaxta şikayətlərindən sonra məscidin ərazisində tikinti işləri dayandırılıb. Əvəzində, dindarlar iddia edir ki, icra başçısı onların gününü göy əskiyə büküb.

İyunun 3-də - Fatimeyi Zəhranın doğum günü münasibətilə keçirilən gül aksiyasında isə konflikt daha da dərinləşib. Yevlax sakini Ramin Quliyev deyir ki, həmin gün gül paylayan qadınlarla rastlaşan icra başçısı onları təhqir edib:

- Əxlaqa sığmayan sözlərlə xanımları təhqir etdi. Bu da istər inanclılar, istərsə də qeyri-inanclılar arasında böyük narazılığa səbəb oldu.

«GƏLDİK GÖRDÜK «PALATKA» SÖKÜLÜB, STOLLAR, SÜFRƏLƏR DAĞIDILIB»


Ramin Quliyev
Həmin gün inanclılardan biri Tural Qiyasoğlu evində dini ziyafət təşkil edibmiş. Dediyinə görə, məqsədi yeni doğulan övladını dostlarına göstərmək imiş. Dindarlar deyir ki, ziyafət yerinə çatanda görülər ki, evə gələn enerji kəsilib, çadır sökülüb, üstəlik ev MTN və polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

Bunu dindar Ramin Quliyev danışır: «Biz getdik ki, orda polis işçiləri, MTN işçiləri, icra nümayəndələri var, «palatka» sökülüb, stollar, süfrələr dağıdılıb. Etirazımızı bildirdik ki, siz artıq bizim evlərimizə müdaxilə edirsiniz. Sonra da dağılışıb çıxıb getdik».

İyunun 6-da Mirsadiq və Mirxaliq İsmayılov qardaşları polisə çağırılıb. Onlara bildirilib ki, iyunun 3-də Tural Qiyasoğlunun evində olarkən Mirxaliq İsmayılov icra hakimiyyətinin şöbə müdiri Vaqif Abdullayevi vurub.

BAKIYA ŞİKAYƏTƏ GƏLƏN DİNDARLAR GERİ QAYIDANDAN SONRA HƏBS OLUNUBLAR

Bundan sonra 130 dindar dərdini demək üçün paytaxta üz tutub. Onların sözlərinə görə, mərkəzdə bir neçə dövlət qurumuna şikayətlərini edib geri qayıdan dindarların bir qismini tutaraq ictimai qaydanı pozmaq adı ilə 3-5 sutkalıq həbs ediblər, bir qismini cərimələyiblər, qalanları isə xəbərdarlıq edilib.

Cərimə kəsilənlərdən biri – Faiq Xəlilov: «Çağırdılar, getdim polis şöbəsinə, baxdım ki, mənim haqqımda yazıblar ki, guya ictimai yerdə səs salmışam, dedilər qol çək, etiraz etdim, məni bir sutka polisdə saxladılar, sonra apardılar məhkəməyə». Dindar deyir ki, canını 50 manat cəriməylə qurtara bilib.

Çingiz Hüseynov
Dindarlardan biri Çingiz Hüseynov da deyir ki, ikinci qrup əlildir, inanclı olduğuna görə onu rayon bazarında alver etməyə qoymurlar. Bazarın müdiri açıq-aşkar deyib ki, icra başçısı ona dindarları bazara buraxmamaq barədə göstəriş verib:

«Yaxınlaşıb xahiş etsələr, bəlkə də adama təsir eləməz. Elə bil ki, biz Azərbaycan vətəndaşı deyilik, ya da terroristik, vətən xainiyik, bizimlə çox kobud rəftar edirlər. Bizimlə elə rəftar edirlər ki, hətta kənardakı insanlar da obyektləri var deyə bizə qorxularından salam vermirlər».

ONLAR QEYRİ-QANUNİ İŞ GÖRÜRLƏR

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Zahid Qarayev isə deyir ki, bu şikayətlərin əsası yoxdur. O şikayətçiləri yalan danışmaqda suçladı və əlavə etdi ki, Yevlaxın dindarları əməli saleh deyillər. İcra hakimiyyətinin işçisi Yevlax dindarlarını radikal adlandırdı:

«O dindarlar heç bir dini icmanın üzvləri deyillər, radikal adamlardır, onlar qeyri-qanuni iş görürlər, onların şikayətləri əsassızdır».

Zahid Qarayev məsələyə münasibətini bu cür bildirməklə kifayətləndi.
XS
SM
MD
LG