Putin Naxçıvan dəhlizinə nəzarətlə bağlı fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da "Dağlıq Qarabağda sülhə dəstək tədbirləri haqqında" fərman imzalayıb.
Sənəddə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin atəşkəs bəyanatına istinad olunur. Həmin bəyanatda rusiyalı hərbçilərin Qarabağa yerləşdirilməsini nəzərdə tutan bənd var. Bu məsələ isə Federasiya Şurasının xaricə hərbçilərin göndərilməsi haqda 2015-ci il 30 sentyabr tarixli qərarı ilə əsaslandırılır.
Həmin gün Suriyada Rusiyanın hərbi əməliyyatlarına start verilib. Konstitusiyaya görə, Federasiya Şurası prezidentə hərbçilərdən xaricdə istifadəyə razılıq verməlidir. Məsələn, Ukrayna ilə bağlı 2014-cü il martın 1-də oxşar razılıq verilmişdi. Amma Krımda əməliyyatlar bu tarixdən qabaq başlanmışdı. 2015-ci il qərarında ölkə adı göstərilməyindən nəzəri olaraq bu sənəddən dünyanın istənilən ölkəsi ilə bağlı istifadə etmək olar.
Sənəddə deyilir ki, sülhməramlılar Qarabağa 5 illiyə yerləşdirilir, ildə iki dəfədən az olmayaraq rotasiya olunacaqlar.
Sənəddə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Naxçıvan dəhlizinə nəzarət edəcəyi də bildirilir. Bu nəqliyyat dəhlizi Azərbaycanla Türkiyəni birləşdirəcək.
Rusiya hökumətinə sülhməramlı kontingentin maliyyələşdirilməsi də tapşırılır.
Zakir Həsənov Rüstəm Muradovla görüşüb
Bugün, noyabrın 12-də Azərbaycan Müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağ bölgəsində yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovla görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirıiyi məlumat yayıb.
Məlumata görə, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Xatırlatma
Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Lavrov: Fransa və ABŞ Qarabağ müzakirələrindən kənarda qalmayacaq
Fransa və ABŞ nümayəndələri Dağlıq Qarabağda münaqişə tərəfləri arasında əldə olunmuş razılaşmanın müzakirəsi üçün Moskvaya gələcək.
Bu barədə məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 12-də keçirdiyi mətbuat konfransında verib:
“Biz heç bir şəkildə öz amerikalı və fransalı həmkarlarımızdan kənarlaşmaq istəmirik. Əksinə, biz onları Moskvaya dəvət etmişik. Onlar əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə necə töhfə verə biləcəklərini müzakirə etmək üçün yaxın günlərdə burda olacaqlar”.
Lenta.ru saytının xəbərinə görə Lavrov əlavə edib ki, regionda sülh və təhlükəsizlik işinə BMT agentlikləri – ilk növbədə UNESCO da dəstək verə bilər.
O qeyd edib ki, bu sahədə Rusiyanın təşəbbüsləri ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif olunmuş axardadır.