AB: "İstənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır"
Avropa Birliyinin Ali komissarı və vitse-prezidenti Cozep Borellin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatı yayılıb. AB-nin Bakıdakı nümayəndəliyinin yaydığı bəyanatda hərbi əməliyyatların dayandırılması alqışlanır.
"Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcək. Ümid edirəm ki, bu, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda ilk addımdır. İndi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır. Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc, firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır", – bəyanatda deyilir.
Çavuşoğlu: 'Atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq'
Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün, noyabrın 12-də mətbuat konfransda bir sıra məsələlərdən bəhs edib.
"Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, Azərbaycanın yanındayıq", - o, sözlərinin əvvəlində qeyd edib.
M.Çavuşoğlu bildirib ki, sabah, noyabrın 13-də Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq.
O deyib ki, sözügedən mərkəz Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək.
M. Çavuşoğlu onu da qeyd edib ki, sabitlikdən Ermənistan da faydalanacaq: "Proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnməlidir. Bölgədəki sabitlikdən Ermənistan da faydalanacaq".
Lavrov: Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 12-də Rusiya və xarici mediaya müsahibəsində deyib ki, Dağlıq Qarabağda Türkiyə sülhməramlıları yerləşdirilməyəcək. Rusiya Türkiyə ilə monitorinq mərkəzinin qurulmasını razılaşdırıb və bu mərkəz Azərbaycan ərazisində yerləşəcək.
"Biz türkiyəli həmkarlarımızla monitorinq mərkəzinin qurulmasını razılaşdırmışıq. Bu mərkəz Azərbaycan ərazisində, münaqişə zonasından kənarda yerləşəcək, texniki imkanlarla həm havada, həm də Dağlıq Qarabağda quruda baş verənləri məsafədən izləmək imkanı verəcək", – o bildirib.
Lavrovun sözlərinə görə, Türkiyə ilə ümumi vəzifələri sülhməramlı əməliyyatların getdiyi rayonda vəziyyəti texniki vasitələrlə monitorinq etməkdir. "Əməliyyatı müstəsna olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus kontingent aparır, burada ikimənalı heç nə yoxdur. Bizim türkiyəli tərəfdaşlarımız bunu gözəl başa düşürlər", – nazir deyib.
"Türkiyə Respublikasından Dağlıq Qarabağa heç bir sülhməramlı yollanmayacaq. Bu haqda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs bəyanatında dəqiq bildirilib", – o vurğulayıb.