Separatçı liderin sözçüsü: ‘Düşmən Stepanakertin astanasındadır...’
“Şuşa şəhəri tamamilə bizim nəzarətimizdən kənardadır”.
AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə bunu Qarabağ separatçı rejimi liderinin mətbuat katibi Vaqram Poqosyan özünün Facebook səhifəsində yazıb.
O yazır ki, separatçı rejim başçısının bugün yazdığı məlumat “ictimai dairələrdə müəyyən ruh düşkünlüyü yaradıb”:
“Bu təbiidir, çünki müharibə nə uğurlara, nə də uğursuzluqlara təminat verməyən ağır mübarizə hərəkətidir. Bugünədək biz təəssüf ki, bizi silsilə uğursuzluqların izlədiyini etiraf etməliyik. Şuşa şəhəri tamamilə bizim nəzarətimzidən kənardadır. Hər cür mümkün ümidverici və ya ruhlandırıcı təbliğat tezisləri bizə reallıq hissinin itirilməsindən başqa heç nə vermir”.
AzadlıqRadiosu ilə söhbətində Poqosyan təsdiq edib ki, bu postu özü yazıb.
O habelə bildirib ki, Azərbaycan silahlı qüvvələri Xankəndinin astanasındadır:
“Bir daha kəmərlərimizi bərkitməliyik, çünki düşmən Stepanakertin astanasındadır. Paytaxtın varlığı təhlükə altındadır”.
Poqosyan daha sonra deyib:
“Biz Şuşanın yenidən bizim olmasını və Artsaxın (Dağlqı Qarabağın – red) saxlanmasını istəyiriksə, bütün imkanlarımızı Stepanakertin etibarlı müdafiəsinə və cəbhənin başqa istiqamətlərinə yönəltməliyik. Uğurun əsl və etibarlı qarantiyası məhz budur. Qələbəyə yalançı çağırışlar və Facebook-da şayiələr son nəticədə hər şeyin itirilməsinə gətirib çıxaracaq”.
Ermənistan Müdafiə Nazirliyi bu məlumatı hələki təsdiq etməyib.
‘48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik azad edilib’
Azərbaycan prezidenti İlham Əliyev bugün, noyabrın 9-da 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyini açıqlayıb.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün Twitter hesabında yazıb.
O qeyd edib ki, Xocavənd rayonunun Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalı rayonunun Şuşakənd, Muxtar, Daşaltı, Füzuli rayonun Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli və Saracıq kəndləri işğaldan azad edilib.
Prezidentin deməsinə görə, Zəngilan rayonun da Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi, Bartaz (2300 metr), Sığırt (1370 metr), Şükürataz (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik də Azərbaycanın nəzarətinə keçib.
O habelə qeyd edib ki, Cəbrayıl rayonunun Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli və Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndi də azad edilib.
Azərbaycan prezidenti noyabrin 9-da, gündüz saatlarında da 23 kəndin işğaldan azad olunmasını bildirmişdi.
Azərbaycan XİN Rusiya helikopterinin vurulması ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya helikopterinin vurulması ilə bağlı bəyanat yayıb.
XİN bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən aldığı məlumata əsasən, noyabrın 9-u, saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi helikopteri vurulub.
Nazirlik bununla bağlı aşağıdakıları qeyd edib:
“- Helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.
-Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib”.
Habelə bildirilir ki, bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.
“Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.Təsadüfi xarakter daşıyan və Rusiyaya qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir”.
Məlumata görə, Azərbaycan həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı verir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.
“Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir” - məlumatda deyilir.
Zakir Həsənov helikopterlə bağlı Rusiyaya başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya başsağlığı verib.
Nazirliyin rəsmi saytında dərc edilmiş başsağlığında deyilir:
“Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin əvvəllər müşahidə olunmadığı Ermənistan-Azərbaycan dövlət sərhədinin bilavasitə yaxınlığında, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə zonasından kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş toqquşmasının davam etdiyi bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi. Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Rusiya tərəfinə üzrxahlıq bildiririk”.
Zakir Həsənov bildirir ki, Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adından həlak olan ekipaj üzvlərinin ailələrinə, əzizlərinə və yaxınlarına başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.