Azərbaycan prezidenti Rusiya prezidentinə zəng vurub
Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.
Bununla bağlı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı başsağlığı verib.
“Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.Dövlətimizin başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edib” - məlumatda deyilir.
Açıqlamaya görə, prezident İlham Əliyev Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib:
“Prezident İlham Əliyev prezident Vladimir Putinə bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq”.
Məlumata görə, prezident Vladimir Putin telefon zənginə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib:
“Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildiriblər.”
Prezident Vladimir Putin isə bunları söyləyib:
“Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun”.
Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya Federasiyasının prezidentinin Qarabağ münaqişəsi ilə bağlı bəyanatı yayılıb.
Azərbaycanın dövlət saytı AZƏRTAC bəyanatın mətnini dərc edib.
Həmin mətndə 10 bənd yer alır.
Türkiyə Qarabağda sülhyaratma işində iştirak etdiyini bildirir
Azərbaycanla Ermənistanın Rusiyanın vasitəçiliyi ilə imzaladığı razılaşma nəticəsində Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılacaq. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada jurnalistlərə deyib ki, Türkiyə Azərbaycanın yanındadır.
"RİA Novosti"nin yaydığı məlumata görə, Çavuşoğlu Türkiyənin Dağlıq Qarabağda sülhyaratma işində iştirak edəcəyini vurğulayıb.
"Dünən atəşkəs haqda saziş imzalanıb. Hazırda ona necə nəzarət olunacağı müzakirə olunur. Ancaq atəşkəsə nəzarət prosesini birlikdə həyata keçirəcəyik, bundan sonra da Azərbaycanın yanında olacağıq", – Çavuşoğlu deyib.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində Türkiyənin də sülhyaratma işində iştirak edəcəyini bildirib. Ancaq imzalanmış sənəddə yalnız Rusiya sülhməramlılarının adı keçir.