"Ermənistan dövlət sərhədində atəşkəsi pozub"
AMN bildirir ki, Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Məlumata görə, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd, Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Cəbhədə noyabrın 9-na olan son vəziyyət
Noyabrın 8-i gün ərzində, habelə 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu məlumatı noyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
"Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib", - məlumatda yazılıb.
Açıqlamaya görə, cəbhənin bəzi sahələrində qarşı tərəf geri çəkilməyə məcbur edilib: "Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".
Ağdam sakininin mərmidən xəsarət aldığı deyilir
Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin atdığı mərmidən Ağdam rayonunun bir sakininin xəsarət aldığı bildirilir.
Azərbaycan Baş Prokurorluğu qeyd edir ki, rayon ərazisi müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub: "...Saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb".
"93 dinc sakin həlak olub"
Azərbaycan Baş Prokurorluğu cəbhədə mülki əhalinin itkiləri ilə bağlı noyabrın 9-da növbəti məlumat yayıb.
Məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfindən 93 dinc sakin həlak olub, 407-i isə yaralanıb: "Bu müddətdə 3326 yaşayış evi, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış evi yararsız hala düşüb".