İsa Qənbər: “Bu qələbəylə Azərbaycanımız çox dəyişdi”
“Mən Azərbaycanın silahlıq qüvvələrinin Ali Baş Komandanı başda olmaqla bütün xalqımızı, əsgərlərimizi, generallarımızı, bu qələbədə payı olan hər kəsi təbrik edirəm. Dünyada haqqın və ədalətin yanında olan qüvvələr də bu günü qeyd etməlidirlər”.
Bu açıqlamanı AzadlıqRadiosuna Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər verib.
İsa Qəmbət noyabrın 8 -də Şuşanın işğaldan azad olunmasını Azərbaycan xalqının 1992-ci ilin mayından gözlədiyi qələbə adlandırıb.
İsa Qəmbər deyib ki, Azərbaycanda ağsaqqaldan körpə uşağa qədər, Şuşanı görməmiş gənclərə qədər hamı Şuşa həsrəti ilə yaşayırdı:
“8 noyabr bütün xalqımızın qələbəsidir və müharibənin yekunlaşmasına doğru atılan çox ciddi addımdır...”
İsa Qənbər sonda da deyib ki, "dünya dəyişir, bu qələbəylə də Azərbaycanımız da sözün yaxşı mənasında çox dəyişdi, daha bütöv və daha gözəl oldu "
50 partiya: “Şuşa qələbəsi...”
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Şuşanın işğaldan azad edilməsi münasibətilə prezident İlham Əliyevə müraciət etdiyi bildirilir.
AZƏRTAC -ın məlumatına görə, müraciəti həm hakimiyyətdən, həm də müxalifətdən olan bir çox partiyalar da imzalayib.
“Cari il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.”, müraciətdə qeyd edilib.
Müraciətdə prezidentin “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi xatırladılıb:
“Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə siz son verdiniz.”
Müraciətdə yazılıb ki, “Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir”
AMN:“Tərtər və Ağdam rayonları atəşə tutulur”
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.
Nazirlik qeyd edir ki, Azərbaycan ordusu cavab tədbirləri görür.
Hələlik, dağıntı və təlafat barədə məlumat verilmir.
Mərmidən xəsarət alanın olduğu deyilir
Ermənistanın silahlı qüvvələrinin atdığı mərmidən Ağdam rayon sakinin xəsarət aldığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən qeyd ediblər ki, noyabrın 8-də Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub:
“... Saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”, məlumatda yazılıb.