“Cəbhədə noyabrın 8-nə olan son vəziyyət”
Noyabrın 7-si gün ərzində, habelə 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu barədə noyabrın 8 -i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb:
“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
AMN -in vurğulamasına görə, cəbhədə müqavimət göstərə bilməyən qarşı tərəf çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür:
“ Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.”
Açıqlamaya görə, Azərbaycan ordusunun gördüyü cavab tədbirləri isə yalnız qarşı tərəfin legitim hərbi hədəflərinə qarşı olub.
“Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”,AMN qeyd edib.
AMN: “Ermənistan dövlət sərhədində atəşkəsi pozub”
AMN habelə bildirib ki, Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Açıqlamaya görə, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri fasilələrlə atəşə tutulub.
AMN: “Yaşayış məntəqələrimiz atəşə tutulub”
Azərbaycan Müdafiə Nazirliyi (AMN) həmçinin, qeyd edir ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Nazirlikdən vurğulandığına görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görüb.
Prezidentin xalqa müraciəti gözlənir
Azərbaycan prezidenti İlham Əliyevin bu gün, noyabrın 8 - də xalqa müraciət etdiyi bildirilir.Verilən məlumatlara görə, müraciət yaxın dəqiqələrdə yayılmalıdır.
Prezident: “Şuşa işğaldan azad edilib”
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8 -də “Şəhidlər Xiyabanı”nda etdiyi müraciətdə vurğulayıb ki, Şuşa şəhəri işğaldan azad edilib.
“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”, deyə prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı sonra da deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir...”.
Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Hevhannisyan isə Şuşada hələ də döyüşlərin davam etdiyini bildirir.