Cəbhədə noyabrın 6-na olan son vəziyyət
Noyabrın 5-i gün ərzində, habelə 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu məlumatı noyabrın 6-ı, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb: "Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib".
AMN habelə qeyd edir ki, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
"Ermənistan dövlət sərhədində atəşkəsi pozub"
Azərbaycan Müdafiə Nazirliyinın (AMN) məlumatına görə, Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Açıqlamaya görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri fasilələrlə atəşə tutulub.
Tələfat haqqında məlumat verilməyib.
"Tərtər atəşə tutulur"
AMN qeyd edir ki, noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görürlər.
Nazirlik gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin də artilleriya atəşinə tutulduğunu açıqlayıb.