Arutyunyan Şuşaya gəlib
Dağlıq Qarabağdakı erməni qüvvələri cəbhəboyu bir neçə yerdə Azərbaycan silahlı qüvvələrinin hücumlarının qarşısını aldığını, "effektiv müdafiə" qurduğunu bəyan edib.
Azərbaycan isə bir neçə istiqamətdə hücuma keçdiyini, Ermənistan qüvvələrin geri çəkildiyini bildirir.
Noyabrın 5-də Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Şuşaya getdiyini, şəhəri müdafiə edənlərlə "düşmənin saysız qüvvələrinə qarşı mübarizə strategiyası"nı müzakirə etdiyini açıqlayıb.
Azərbaycan qüvvələrinin Şuşaya yaxınlaşdığı xəbərləri gəldiyi bir vaxtda Arutyunyan deyib ki, "qala şəhəri keçilməz etməkdən ötrü bütün mümkün tədbirlər görülür".
Separatçı rejim Xankəndi və Şuşanın atəşə tutulduğunu bildirir
"Raket atəşi nəticəsində Şuşada bir neçə yaşayış binası yanıb. Paytaxtda da dağıntılar var. Xilasedicilər hadisə yerində işləyir", – separatçı rejimin fövqəladə xidməti noyabrın 6-da bildirib.
AzadlıqRadiosunun Ermənistan xidmətinin Xankəndindəki əməkdaşı şəhərdə üç dinc sakinin öldürüldüyünü, gecə boyunca azı 10 partlayış eşidildiyini xəbər verir.
Azərbaycan tərəf isə mülkilərə atəş açmadığını, yalnız hərbi hədəfləri vurduğunu bildirir.
Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE agentliyinə müsahibəsində bir daha Azərbaycanın mülki şəxslərə hücum etmədiyini vurğulayıb. "Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası "paytaxtı" olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik", – prezident söyləyib.
AMN: "Ermənistan törətdiyi cinayətlərdən diqqəti yayındırmağa çalışır"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 6-da Xankəndi şəhərinin atəşə tutulduğu ilə bağlı məlumatlara münasibət bildirib.
AMN qeyd edib ki, Ermənistan mətbuatında Azərbaycan ordusunun Xankəndini atəşə tutması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
"Bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır", - AMN hesab edir.