Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:52 5.11.2020

Görüş gözlənilmir

ATƏT-in Minsk qrupu münaqişə üzrə fəaliyyətini davam etdirir, amma hazırda yüksək səviyyədə birbaşa kontakt nəzərdə tutulmayıb. Bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan noyabrın 5-də Yerevanda mətbuat konfransında deyib.

"Hal-hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir görüş planlaşdırılmır", – Mnatsakyan deyib.

15:29 5.11.2020

MN: Tərtər və Ağdamın kəndləri atəşə tutulur

"Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur".

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri də buna qarşı cavab tədbirləri görür.

15:56 5.11.2020

Dilgəm Əsgərov və Şahbaz Quliyevi Ermənistana aparıblar

Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanan bəzi şəxslərin Ermənistana köçürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinə məlumat verilib.

Bu barədə "Turan" agentliyinə Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib.

İ.Hüseynovanın sözlərinə görə, Ermənistana köçürülmüş şəxslərin arasında Dilgəm Əsgərov Şahbaz Quliyev də var.

D.Əsgərov ilə Ş.Quliyev 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində saxlanıblar. Müdafiə tərəfi onların Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirir. Tanınmayan "Dağlıq Qarabağ Respublikası"nda isə onlar qətl və digər ağır cinayətlər törətməkdə ittiham ediliblər.

Xankəndində məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il azadlıqdan məhrum edib. Amma Azərbaycan həmin məhkəməni tanımır, onu separatçı qurumun qanunsuz orqanı sayır. Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkə vətəndaşlarının bu şəkildə mühakiməsi qanunsuzdur.

16:54 5.11.2020

H.Hacıyev: "Hər iki yol Ermənistanın nəzarətindədir"

""Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır".

Bunu Azərbaycan prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib.

O əlavə edib ki, dünən (noyabrın 4-ü) Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Prezidentin köməkçisi deyib ki, ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var: "Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə (noyabrın 5-nə) olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir".

Davamı

XS
SM
MD
LG