Azərbaycan prezidenti: "…Məlumatı Rusiya rəsmilərinə təqdim etmişik"
"…Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər?".
Bu sualı Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirib. O, "Türkiyənin sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz" sualına cavab olaraq sonra da əlavə edib: "Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq…".
Hazırda Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Şuşanın artilleriya ilə vurulduğu deyilir
Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan qüvvələrinin münaqişə zonasının şərq hissəsində hücum cəhdinin qarşısını aldığını deyir. Separatçılar Azərbaycan tərəfinin Xocavənd və Şuşa şəhərlərində mülki hədəfləri artilleriya atəşinə tutduğunu, amma itki olmadığını bildirir.
Azərbaycan isə yalnız hərbi hədəflərə atəş açdığını bildirir. Elə Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı məlumatda da Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbərin həqiqətə uyğun olmadığı deyilir.
Putinin ümidi...
Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də bildirib ki, ölkəsi "Cənubi Qafqazda münaqişənin mümkün qədər tez başa çatması üçün əlindən gıləni edir".
"Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq. Ümid edirəm, regionda yaşayanlar üçün qəbul edilən nəticələrə nail ola biləcəyik", – Putin dini liderlərlə görüşdə bildirib.