"Ermənistan dövlət sərhədində atəşkəsi pozub"
Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun bölmələrinin mövqelərini də minaatan və atıcı silahlardan atəşə tutduğu deyilir.
Bunu noyabrın 5-i AMN bildirib.
Nazirlik qeyd edib ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən mövqeləri atəşə tutulub.
AMN: "Yaşayış məntəqələrimiz atəşə tutulub"
AMN bildirir ki, noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələrini Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə atəşə tutub.
Açıqlamaya görə, səhər saat 07:50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə qarşı tərəfdən dörd mərmi atılıb.
Bərdədə yaralananlardan biri də ölüb
Azərbaycan Baş Prokurorluğu bildirir ki, sentyabrın 27-si, cəbhədə döyüşlər başlanandan Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 405 mülki şəxs yaralanıb. Qurum qeyd edir ki, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunurdu.
Baş Prokurorluqdan verilən məlumata görə, onlardan biri, oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində ağır bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Niftalı Paşayev noyabrın 5-də xəstəxanada vəfat edib.
Qurum əlavə edir ki, bununla da son 40 gündə həlak olan mülki şəxslərin sayı 92-yə çatıb: "Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2971 yaşayış evi yararsız vəziyyətə düşüb".
Bərdə şəhərinə oktyabrın 27-də və 28-də raketlər atılıb. Nəticədə üst-üstə ümumilikdə 26 mülki şəxsin həlak olduğu, 80 civarında insanın isə müxtəlif dərəcədə xəsarət aldığı qeyd edilir.