"Tərtər atəşə tutulur"
"Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi ( AMN) noyabrın 4-ü, saat 16:00 radələrində yayıb.
Hələlik, tələfat və dağıntı haqqında məlumat yoxdur.
Prezident 7 kəndin də işğaldan azad edildiyini bildirib
Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 7 kəndini də işğaldan azad etdiyi bildirilir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabrın 4-də özünün Twitter hesabında yazıb: "Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədi İsmayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir".
Müdafiə Nazirliyi: 'Diversiya cəhdinin qarşısı alınıb'
Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Azərbaycan bölmələrinə qarşı diversiya cəhdinin qarşısının alındığı bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi (AMN) habelə qeyd edir ki, Ermənistan tərəfinin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.
Cəbhədə noyabrın 5-nə olan son vəziyyət
Noyabrın 4-ü gün ərzində, habelə 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu məlumatı bu gün, noyabrın 5-i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
"Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib", - məlumatda yazılıb.
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.