Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
Noyabrın 2-də gün ərzində, habelə 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini müxtəlif atıcı silahlardan atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 3-ü, səhər saatlarında məlumat yayıb: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
"Ermənistan dövlət sərhədində atəşkəsi pozub"
Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutduğu bildirilir.
Bu məlumatı AMN noyabrın 3-də yayıb. Nazirlik bundan əvvəlki günlərdə də oxşar məlumatlar yaymışdı.
Açıqlamaya görə, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi mövqeləri atəşə tutulub.
91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb
Azərbaycan Baş Prokurorluğu noyabrın 3-də cəbhə bölgəsində mülki əhalinin itki və ziyanları ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən (döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması və müxtəlif təxribatı nəticəsində Azərbaycan tərəfdən 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb: "Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb".