MN: Füzuli "Smerç" ilə atəşə tutulur
"Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və ətraf kəndləri "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutur".
Bu barədə Azərbycan Müdafiə Nazirliyi noyabrın 3-ü, saat 12:20 radələrində məlumat yayıb. Hələlik, itki və dağıntı haqqında məlumat verilmir.
MN: "Ağdam və Ağcabədi rayonları atəşə tutulur"
Ermənistan silahlı qüvvələrinin yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 3-ü saat 15:40 radələrində yaydığı məlumata görə, buna qarşı adekvat cavab tədbirləri görürlər.
'50 məktəbə ziyan dəyib'
Təhsil Nazirliyi bildirir ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər yenidən başlayandan) noyabrın 2-nə kimi Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanda 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib.
Nazirliyin açıqlamasına görə, həmin tədris binaları yararsız hala düşüb.
Qeyd edildiyinə görə, dağıntılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Yevlax rayonlarına, 8-i isə Gəncə şəhərinə məxsusdur.
Ümumilikdə isə, həmin müddət ərzində eyni səbəbdən Azərbaycanda 461 mülki obyektin, 97 çoxmənzilli yaşayış binasının və 2 min 488 yaşayış evinin yararsız vəziyyətə düşdüyü açıqlanıb.
Xameneyi: ‘Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarmalıdır’
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi noyabrın 3-də Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasına çağırıb.
O bunu da bəyan edib ki, Azərbaycanın işğal altında olan əraziləri ona qaytarılmalıdır:
“Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarılmalı və ermənilərin yaşadıqları ərazilərdə onların təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərin pozulmasına yol verilməməlidir və terrorçular bizim sərhədlərimizin yaxınlığına gəlməməlidir”.
Tehran bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin gedişində onun ərazisinə mərmi düşməsi hallarını pisləmişdi.