Prezident: “200-ə yaxın yaşayış məntəqəsi azad edilib”
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbəriə görə, prezident İlham Əliyev görüşdə deyib ki, müharibənin ilk saatlarından başlayaraq Türkiyə Azərbaycanın yanındadır:
“Bildiyiniz kimi, əməliyyat uğurla davam etdirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri.”
“... Bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın ”
Prezidentin sözlərinə görə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi azad edilib:
“… Biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistan buna imkan vermir, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik raketlərlə bombalamışdır, ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermənistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər”
Prezidentin deməsinə görə, Ermənistan tərəfi azad edilən yaşayış məntəqələrini yenidən işğal etmək istəyir:
“ Müharibənin davam etməsinin əsas səbəbi də məhz budur…”
Prezident daha sonra da deyib:
“Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun.”
Azərbaycanın dövlət başçısı deyib ki, Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib:
“Bu məktub, əslində, məğlubiyyətin etirafıdır ”
“ Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur”
Azərbaycan prezidentinin vurğulamasına görə, baş verənlərin məsuliyyət Ermənistan tərəfindədir.
“…Bunu söyləmək istəməyən çoxdur”
Mövlud Çavuğoğlu isə deyib ki, Ermənistanın nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür:
“Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”
Nazirlər də görüşüb
Bu gün, noyabrın 1-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla da Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun görüşü olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
Açıqlamaya görə, Ceyhun Bayramov deyib ki, Ermənistan humanitar atəşkəslə bağlı razılıqlara rəğmən dinc əhalini atəşə tutur.
Habelə, bildirildiyinə görə, o qeyd edib ki, Ermənistan Cenevrə görüşündən (oktyabrın 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü) sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alır:
“Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ( 1993-cü ildə qəbul edilən 4 qətmanə nəzərdə tutulur) tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğuladılar.”
Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
Noyabrın 1-i gün ərzində, habelə 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduqları deyilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 2-i səhər saatlarında məlumat yayıb: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, müdafiə olunan qarşı tərəfin bölmələri cəbhənin bəzi istiqamətlərində geri çəkilməyə məcbur edilib: "Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir".
'Ağdam və Ağcabədi rayonları atəşə tutulur'
"Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur".
Bu məlumatı AMN yayıb.
Hələlik, itki və dağıntı haqqında məlumat verilmir.