MN: Ermənistan dövlət sərhədində atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutduğu bildirilir.
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 2-si, saat təqribən 10-da yayıb.
Məlumata görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd, Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri atəşə tutulub.
Su-25-in vurulduğu bildirilir
"Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib".
Bu məlumatı noyabrın 2-si, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumata görə, Ermənistan silahlı qüvvələri bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutub.
Açıqlamaya görə, onlar Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.
AMN qeyd edib ki, bölmələrinin şəxsi heyətinin sayıqlığı nəticəsində havadan hücum edən qarşı tərəfin Su-25 döyüş təyyarəsi də vurulub.
"Tərtər və Goranboy rayonları intensiv atəşə tutulur"
"Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəziyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi noyabrın 2-i saat 15:45 radələrində yayıb.
Hələlik, itki və dağıntı barədə məlumat verilmir.