Cenevrədə danışıqlar başlanıb
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin beynəlxalq vasitəçilərlə Cenevrə danışıqları artıq başlanıb.
Oktyabrın 30-da Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Ondan sonra Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq diplomatlarla görüşməlidir.
Bir daha Qarabağda Rusiya sülhməramlıları barədə
Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağ münaqişə bölgəsində müstəsna olaraq münaqişə tərəflərinin razılığı ilə yerləşdirilə bilər.
RBK agentliyinin yazdığına görə bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov oktyabrın 30-da bildirib.
Peskov deyib ki, belə bir təklifə Azərbaycan tərəfindən hələki razılıq yoxdur.
“Əgər hər iki tərəf razı olarsa Kreml bölgəyə sülhməramlılar yerləşdirməyə hazırdırdmı?” sualına cavab verərkən Peskov deyib ki, “əgərlərlə” bağlı mülahizələrə qapılmağa dəyməz.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Rusiya sülhməramlılarının bölgəyə yeridilməsi Dağlıq Qarabağdakı münaqişənin “optimal həlli” ola bilərdi.
XİN Cenevrə görüşləri barədə məlumat yayıb
Bu gün, oktaybrın 30-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verib:
“Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb”.
Açıqlamaya görə, daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
“Görüş hazırda davam edir.”, nazirlik qeyd edib
Cenevrə görüşü başa çatıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşü başa çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.
Habelə bildirildiyinə görə, humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın göstərdiyi konstruktiv yanaşmanı vurğulayıb:
"Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib", məlumatda deyilir.
Açıqlamaya görə Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.