“ Cəbhədə son vəziyyət”
Oktyabrın 30-u gün ərzində, habelə 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun bölmələrinin yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 31-i səhər saatlarında məlumat yayıb.
Məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib:
“Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”
MN: “Tərtər, Ağdam və Ağcabədi rayonları artilleriya atəşinə tutulub”
“Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub”
Bu məlumatı da AMN yayıb.
“ Qiyaməddinli kəndi atəşə tutulub”
AMN oktyabrın 31-i, səhər saatlarında həmçinin bildirib ki, Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini də atəşə tutub.
Məlumata görə, dağıntı və xəsarət alanlar yoxdur.
Ceyhun Bayramov BQXK baş direktoru ilə görüşüb
Cenevrəyə işçi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə də görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) oktyabrın 31-i məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər:
“Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb”
Açıqlamaya görə, O, vurğulayıb ki, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri, dinc əhalisi və mülki infrastrukturu bilərəkdən hədəfə alınır, qadağan olunmuş silahlardan mülki şəxslər atəşə tutulur.
C.Bayramovun Cenevrəyə işgüzar səfəri oktyabrın 30-da başlamışdı.O bundan əvvəl Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdı.
Rusiyadan kömək istəyən Paşinyana cavab
Rusiya Xarici işlər Nazirliyi oktyabrın 31-dəki bəyanatında bildirir ki, iki ölkə arasında müqaviləyə görə, rəsmi Moskva Yerevana yalnız o halda lazım olan yardımı göstərəcək ki, hərbi toqquşmalar birbaşa Ermənistan ərazisində keçiriləcək.
Bu bəyanat Ermənistanın baş naziri Nikol Paşinyanın bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə ünvanladığı müraciətinə cavab olaraq hazırlanıb.
Paşinyan sözügedən müraciətində Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı mümkün yardıma dair məsləhətləşmələrin başlamasını xahiş etmişdi. Bu məsləhətləşmələr yardımın növünü və həcmini müəyyən etməli idi.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan qarşısında öhdəliyini təsdiqləyib və bildirib ki, Rusiya və Ermənistan arasında 1997-ci il avqustun 29-da imzalanmış Dostluq Müqaviləsinə əsasən Ermənistan ərazisinə qarşı hücum və ya aqressiya olarsa, Rusiya bu ölkəyə yardım edəcək.
Bu müqavilənin bir sıra müddəaları tərəflərin ərazisinə qarşı silahlı hücum və ya aqressiya tətbiq olunacağı zaman konkret fəaliyyətləri nəzərdə tutur.
Bəyanat, həmçinin Ermənistan və Azərbaycanı oktyabrın 10-da Moskvada imzalanmış atəşkəs razılaşmasına əməl etməyə, baza prinsilər üzrə danışıqlar masasına qayıtmağa çağırır.
Tərəflər isə bir -birini atəşkəsi pozmaqda ittiham edir.
“Yaşayış məntəqələrimiz atəşə tutulur”
Ermənistan silahlı qüvvələrinin Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi və Ağcabədi rayonunun Qiyaməddinli kəndini artilleriya atəşinə tutduğu bildirilir.
Bu barədə oktyabrın 31-i, saat təqribən 16 radələrində Azərbaycan Müdafiə Nazirliyi ( AMN) məlumat yayıb.