Bərdə yenidən atəşə tutulub
Bu gün, oktyabrın 28-də, günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu yenidən atəşə tutduqları bildirilir. Verilən məlumatlara görə, hadisə nəticəsində ölən və yararlananlar var.
Dünən, oktyabrın 27-də də Bərdə rayonunun raket atəşinə məruz qaldığı açıqlanmışdı. Həmin vaxt biri uşaq olmaqla, dörd mülki şəxsin həlak olduğu, azı 13 nəfərin də yaralandığı bildirilirdi.
MN: "Ölən və xəsarət alanlar var"
Bərdə rayonunun atəşə tutulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) də məlumat yayıb.
"Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib", - məlumatda yazılıb.
Baş Prokurorluq: "3 nəfər həlak olub…"
Azərbaycan Baş Prokurorluğu da oktyabrın 28-də Bərdə rayonunun atəşə tutulması ilə bağlı məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirib.
Nəticədə üç nəfərin həlak olduğu, bir neçə şəxsin isə xəsarət aldığı bildirilir.