Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusu bölmələrinin yerləşdiyi mövqeləri, cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutduğu bildirilir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 28-i, saat 8:42-də məlumat yayıb.
Məlumatda vurğulanıb ki, qarşı tərəf humanitar atəşkəs rejiminə riayət etmir: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, qarşı tərəfin hücum etmək cəhdlərinin qarşısı alınıb. "Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", MN qeyd edib.
"Ermənistan atəşkəsi pozmaqda davam edir"
Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də gecə, səhər müxtəlif vaxtlarda Azərbaycanın bu ölkəylə dövlət sərhədində yerləşən yaşayış məntəqələrini və bölmələrinin mövqelərini atıcı silahlardan atəşə tutduğu deyilir.
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 28-i, saat 9:55 radələrində yayıb.
Açıqlamaya görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis, Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonunun atəşə məruz qaldığı vurğulanıb.
Baş Prokurorluq mülki itki və ziyanları açıqlayıb
Baş Prokurorluq oktyabrın 28-də mülki insanların itki və ziyanları ilə bağlı növbəti açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb: "Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2 min 338 yaşayış evi yarasız hala düşüb".
Tərtər rayonu raket atəşinə tutulub
"Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir".
Bu məlumatı oktyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi yayıb. Nazirlikdən verilən məlumata görə, oktyabrın 28-da saat 10:15-də qarşı tərəf "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonun ərazisini atəşə tutub.
"Xəsarət alanlar yoxdur", - nazirlik qeyd edib.