Gorusdan Qubadlı ərazisinin vurulduğu deyilir
Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisinin artilleriya atəşinə tutulduğu bildirilir.
Bu barədə oktyabrın 24-i, səhər saat 11:24-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) açıqlama verib. AMN qeyd edib ki, döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən qarşı tərəf Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
“Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir”, məlumatda vurğulanıb.
Qubadlı rayonu 1993-cü ildə işğal edilib.Dünən, oktyabrın 23-də Azərbaycan prezidenti bu rayonun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərininin işğaldan azad edildiyini açıqlamışdı.
“Tərtərdə 16 yaşlı gənc həlak olub”
Habelə, Gəncəyə raket zərbəsi endirilməsi nəticəsində xəsarət alan 13 yaşlı yeniyetmənin də vəfat etdiyi açıqlanıb.
Bütün bunlar barədə oktyabrın 24-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatın əvvəlində qeyd edilir ki, oktyabrın 24-i, səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Goranboy, Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub:
“Bu gün ( oktyabrın 24-i) saat 10 radələrində Erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Bundan başqa, bu gün saat 09 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəyib”
Həmçinin, bildirilir ki, oktyabrın 17-də Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan 2007-ci il təvəllüdlü Artur Ramiz oğlu Mayakov göstərilmiş tibbi yardımlara baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.
Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 11-i və 17-də raket ateşinə tutulmuşdu.Nəticədə ümumilikdə 20-dən çox mülkü insanın öldüyü, 80-dən çoxunun isə yaralandığı açıqlanıb.
Baş Prokurorluq bundan əvvəl də bildirmişdi ki, sentyabrın 27-i, cəbhədə döyüşlər başlayandan bəri Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 63 mülki insan həlak olub, 300-ə yaxını xəsarət alıb.
Gəncədə həlak olan uşaq Rusiya vətəndaşıdır
Oktyabrın 17-də Gəncə şəhərinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanan və oktyabrın 24-də xəstəxanada vəfat edən 2007-ci il təvəllüdlü Artur Vasilyeviç (Ramiz oğlu) Mayakov Rusiya vətəndaşı olub. Onun Gəncəyə bibisi gilə qonaq gəldiyi qeyd edilir.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“ Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib”, o qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır.
“Laçın və Qubadlı rayonları Ermənistandan atəşə tutulur”
“Azərbaycan ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb”.
Bu məlumatı oktyabrın 24-i, saat14:05-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumatda yazılıb ki, hazırda Ermənistanın Gorus, Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan qarşı tərəf raket və artilleriya qurğularından Laçın, Qubadlı ərazilərini güclü atəşə tutur.
“Qarşı tərəfin məqsədi Azərbaycan ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.”, məlumatda vurğulanır.